Bu müharibədə hərbi itkilər 2 milyona çata bilər - HESABAT
Dörd ilə yaxındır davam edən Rusiya-Ukrayna müharibəsi nəticəsində hər iki tərəfdən itkilərin sayı bu ilin yazına qədər 2 milyona çata bilər.
ERAmedia xəbər verir ki, bu barədə Amerikanın “Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzi”nin (CSIS) hesabatında qeyd olunub.
“Rusiya müharibəsi Ukraynada tükədici xarakter daşıyır” adlı hesabatda bildirilir ki, hərbi uğurlara baxmayaraq, Moskva döyüş meydanında “böyük bədəl ödəyir”.
Hesabata görə, 2022-ci ilin fevralından bəri Rusiya ordusu 1,2 milyon itki verib, bunlara həm öldürülənlər, həm yaralananlar, həm də itkin düşənlər daxildir. Onlardan təxminən 325 mini həlak olub.
Mütəxəssislər qeyd edirlər ki, bu rəqəm II Dünya Müharibəsindən bəri hər hansı böyük dövlətin müharibədə verdiyi ən yüksək itkilərdən biridir.
Ukrayna tərəfi ilə bağlı isə itkilərin sayı 500-600 min arasında qiymətləndirilir, öldürülənlərin sayı isə təxminən 100-140 min nəfərdir.
Hesabat müəllifləri vurğulayırlar ki, münaqişə indiki templə davam edərsə, hər iki tərəfdən itkilərin sayı 2 milyona çata bilər.
Eyni zamanda, Rusiya ordusunun döyüş meydanında irəliləməsi “həddindən artıq məhduddur”, son dövrlərdə rus qoşunlarının gündəlik irəliləyiş tempi orta hesabla 15-70 metrdir.
Bu, son yüz ilin böyük hərbi əməliyyatları arasında ən yavaş irəliləyişlərdən biridir.
Hesabatda həmçinin qeyd edilir ki, müharibə Rusiyanın iqtisadiyyatına getdikcə daha çox təzyiq göstərir.
Vural









