Bu müharibədə qalib yoxdur - İranla münaqişə ilə bağlı ŞOK DETALLAR
İran ətrafında davam edən münaqişə klassik müharibə modelindən fərqlənir və bu səbəbdən də qısa müddətdə aydın qalibin ortaya çıxması ehtimalı çox zəif görünür. Meydandakı hərbi üstünlük, daxili siyasi balanslar və regional güc rəqabəti eyni anda formalaşan mürəkkəb bir mənzərə yaradır.

- Eylem Okumuş
Yaxın Şərq üzrə mütəxəssis və qlobal müdafiə yazarı Eylem Okumuş ERAmedia-ya açıqlamasında bildirib ki, hazırkı mərhələdə İranda sahə üstünlüyü əsasən İnqilab Keşikçiləri Korpusunun əlindədir.
Onun sözlərinə görə, strateji qərarların verilməsi və kritik infrastrukturların nəzarətdə saxlanılması bu qüvvəyə mühüm üstünlük qazandırır. Lakin Okumuş vurğulayır ki, ölkə daxilində dini elitalar, siyasi qruplar və ictimai təzyiq kimi faktorlar güc balansını daim dəyişir və buna görə də tək bir tərəfin tam qələbəsi real görünmür.
Ekspertin fikrincə, bu münaqişə yalnız hərbi əməliyyatlarla ölçülən ənənəvi bir savaş deyil. Enerji və ticarət dəhlizlərinin təhlükəsizliyi, su resurslarının qorunması, böyük şəhərlərin və kənd təsərrüfatı zonalarının sabitliyi strateji prioritetlər arasında yer alır. O qeyd edir ki, hərbi uğurlar daxili balanslar pozulduğu anda öz əhəmiyyətini itirə bilər və bu səbəbdən qarşıdakı dövr daha çox kiçik, hesablanmış addımlar və balans axtarışı ilə xarakterizə olunacaq.
Mütəxəssis bildirib ki, ABŞ, İsrail və digər regional aktorlar münaqişənin hər mərhələsini diqqətlə izləyir və hər bir addıma uyğun reaksiya verir. Onun sözlərinə görə, regionda baş verən hər hərəkət digər tərəflərin strategiyalarını dəyişdirir və bu da münaqişəni sürətli qələbələrdən çox, uzunmüddətli strateji balans mübarizəsinə çevirir.
Ekspertin sözlərinə görə, hazırda sahədə faktiki üstünlük müəyyən dərəcədə İranın xeyrinə olsa da, ölkə daxilində siyasi və iqtisadi sabitlik kövrək olaraq qalır. Okumuş qeyd edir ki, Ali lider Əli Xamneyinin ölümündən sonra yaranan qeyri-müəyyənlik və Müctəba Xamneyinin gələcək rolu ilə bağlı suallar daxili siyasi sistemdə həssaslıq yaradır. İqtisadi böhran və sosial təzyiq isə uzunmüddətli perspektivdə hərbi gücün təsirini məhdudlaşdıra bilər.
Eylem Okumuş həmçinin vurğulayır ki, münaqişənin gedişində raket və pilotsuz uçuş aparatlarının rolu xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, İnqilab Keşikçilərinin arsenalında hələ də xeyli sayda ballistik və qanadlı raket, eləcə də dron mövcuddur, lakin bu ehtiyatlar məhdud xarakter daşıyır. Okumuş bildirir ki, mediada yayılan “İranın raket ehtiyatları tükənir” iddiaları tam doğru olmasa da, ehtiyatların istifadəsi getdikcə daha ehtiyatlı planlaşdırmanı tələb edir.
Ekspert əlavə edir ki, İsrailin hava müdafiə sistemləri və kəşfiyyat imkanları bir çox hücumun qarşısını ala bilir, lakin bütün təhdidləri tam şəkildə zərərsizləşdirmək mümkün deyil. Bu səbəbdən də qarşıdakı mərhələdə münaqişənin daha çox kiçik, sürətli və strateji zərbələr üzərindən davam etməsi ehtimal edilir.
Okumuş hesab edir ki, İran daxilində iqtisadi çətinliklər, su və ərzaq təhlükəsizliyi kimi problemlər də hərbi əməliyyatların effektivliyinə təsir göstərir. Onun fikrincə, əhalinin əsas ehtiyacları təmin olunmadıqda, hətta sahədə əldə edilən hərbi nəzarət belə davamlı sabitlik yaratmaq üçün kifayət etmir.
Eylem Okumuşun qənaətinə görə, bu münaqişədə qalib yalnız hərbi üstünlük qazanan tərəf olmayacaq. O bildirir ki, real üstünlük daxili sabitliyi qorumağı, strateji resursları idarə etməyi və regional təzyiqlər qarşısında balans yaratmağı bacaran tərəfin əlində olacaq.
Ekspertin fikrincə, hazırkı mərhələdə nə tam qalib var, nə də tam məğlub tərəf, regionda əsas mübarizə güc balansını qoruyaraq uzunmüddətli sabitliyi təmin etmək üzərində gedir.









