Bu müraciətlərdə FİN və VÖEN tələbi
Vətəndaş müraciətləri ilə bağlı prosedurların elektron mexanizmlər genişləndirilir.
ERAmedia xəbər verir ki, məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Vətəndaşların müraciətləri haqqında” qanuna dəyişiklik layihəsində öz əksini tapıb.
Dəyişikliklərə görə, elektron müraciət anlayışı genişləndirilir. Artıq müraciətlər təkcə rəsmi internet səhifələri və elektron ünvanlar vasitəsilə deyil, həm də Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən təqdim edilə biləcək.
Layihədə müraciətin tərkibinə dair yeni tələblər də müəyyənləşdirilir. Belə ki, vətəndaş müraciətin hansı üsulla cavablandırılacağını (elektron, poçt və ya EHİS vasitəsilə) özü seçəcək. EHİS üzərindən təqdim olunan müraciətlərdə cavabın həmin sistem üzərindən verilməsi istənildiyi halda fiziki şəxsin FİN-i, hüquqi şəxslər üçün isə VÖEN-in göstərilməsi tələb olunacaq. Bundan əlavə, elektron cavab istənildikdə müraciətdə cavabın göndəriləcəyi elektron ünvanın qeyd edilməsi vacib olacaq.
Sənədə əsasən, elektron formada göndərilən müraciətlər təkmil sertifikatlaşdırılmış elektron imza ilə təsdiqlənməlidir.
Qanun layihəsində müraciətlərin qəbul və baxılma mexanizmi də dəqiqləşdirilir. Elektron müraciətlərə cavab vətəndaşın seçiminə uyğun olaraq təqdim ediləcək. Zəruri məlumatlar göstərilmədikdə isə cavab poçt vasitəsilə göndəriləcək.
Bununla yanaşı, müraciətlərin təqdim edilməsi üsulları da genişləndirilir. Elektron müraciətlər rəsmi internet resursları, aidiyyəti qurumların elektron ünvanları və ya EHİS üzərindən göndərilə biləcək.
Dəyişikliklər müraciətlərin forması ilə bağlı tələblərə də aydınlıq gətirir. Kağız üzərində təqdim olunan müraciətlər mütləq imzalanmalı və tarix qoyulmalıdır. Nümayəndə vasitəsilə təqdim olunan müraciətlərə isə səlahiyyəti təsdiq edən sənəd əlavə edilməlidir.
Layihəyə əsasən, qanunda nəzərdə tutulan tələblərə cavab verməyən müraciətlər baxılmamış saxlanılacaq.
Həmçinin vətəndaşların qəbulu qaydalarında yenilik nəzərdə tutulur. Vətəndaşlar artıq yalnız fiziki qaydada deyil, həm də rəsmi internet informasiya ehtiyatı və ya EHİS üzərindən elektron imza ilə qeydiyyatdan keçərək qəbul üçün müraciət edə biləcəklər.
Qanun layihəsində müraciətin məzmunu ilə bağlı tələblər də saxlanılır: müraciət oxunaqlı olmalı, irəli sürülən təklif və ya tələb aydın ifadə edilməli, təhqir və böhtana yol verilməməlidir.









