media-1772557754_1749828337_1749532585

ABŞ-da prezident seçkiləri ərəfəsində verilən bəyanatlar qlobal siyasi gündəmi yenidən hərəkətə gətirib. Son günlərdə Donald Trampın Kuba ilə bağlı sərtləşən ritorikası beynəlxalq müzakirələrin mərkəzinə çevrilib.

media-photo_5300915930730795647_w

  • Eylem Okumu

Yaxın Şərq üzrə mütəxəssis və qlobal müdafiə yazarı Eylem Okumuş məsələ ilə bağlı ERAmedia-ya özəl açıqlamasında bildirib ki, Trampın son açıqlamalarının arxasında adadakı iqtisadi və enerji böhranından strateji məqsədlərlə yararlanmaq niyyəti dayanır.

Onun sözlərinə görə, Tramp ölkəni “hər hansı bir şəkildə ələ keçirmək” fikrini ima edən ritorika ilə mövcud zəiflikdən geosiyasi təsir vasitəsi kimi istifadə etməyə çalışır.

Ekspert hesab edir ki, bu açıqlamalar yalnız siyasi nümayiş xarakteri daşımır. Okumuşun fikrincə, Vaşinqtonun mümkün siyasi müdaxilə və təsir cəhdləri ehtimalı da bu ritorikanın arxasında dayana bilər və bu, regiondakı balanslara birbaşa təsir göstərə bilər.

Mövzuya dair reaksiyalar isə artıq beynəlxalq səviyyədə hiss olunmağa başlayıb. Rusiya Trampın mövqeyinə sərt reaksiya verərək Kubanın müstəqil dövlət olduğunu vurğulayıb və hər hansı xarici müdaxiləyə qarşı çıxacaqlarını bildirib. Moskva eyni zamanda Havana ilə münasibətləri gücləndirmək niyyətini açıqlayaraq diplomatik həmrəylik mesajı verib.

Digər tərəfdən, Çin daha ehtiyatlı və praqmatik yanaşma sərgiləyir. Pekin birbaşa qarşıdurmadan qaçaraq, Havana ilə texniki və iqtisadi əməkdaşlığı genişləndirməyə çalışır və bu yolla bölgədəki təsir imkanlarını artırmağa çalışır.

Eylem Okumuş qeyd edir ki, Trampın bu ritorikası yalnız Kubaya yönəlmiş addım kimi qiymətləndirilməməlidir. Onun sözlərinə görə, bu siyasət ABŞ-ın Latın Amerikasında təsirini gücləndirmək, rəqib güclərin manevr imkanlarını məhdudlaşdırmaq və regiondakı siyasi mövqeyini möhkəmləndirmək strategiyasının tərkib hissəsi kimi görünür.

Ekspert əlavə edir ki, proses qlobal miqyasda davam edən geosiyasi gərginliklərlə də üst-üstə düşür. ABŞ-ın Venesuela və İran ilə bağlı mövqeyi, eləcə də Çin və Rusiya ilə artan rəqabət fonunda Küba üzərindən aparılan təzyiqlər regionda üstünlük qazanmaq strategiyasının bir hissəsi kimi qiymətləndirilə bilər.

Okumuşun sözlərinə görə, Moskva və Pekinin reaksiyaları da iki fərqli strateji yanaşmanı ortaya qoyur. Rusiya daha sərt qarşı mövqe nümayiş etdirərkən, Çin daha çox iqtisadi və texniki dəstək vasitəsilə təsirini artırmağa çalışır.

Ekspert hesab edir ki, Kuba ətrafında formalaşan bu dinamika qlobal güc balansının yenidən formalaşdırılması prosesinin növbəti epizodlarından biri kimi diqqətlə izlənilməlidir.


media-adspc

Bənzər xəbərlər