Bu ölkədə dəvələrə pasport veriləcək
Səudiyyə Ərəbistanı “yerli və beynəlxalq bazarlarda etibarlılığı artırmaq” məqsədilə “dəvə pasportu” layihəsini həyata keçirdiyini açıqlayıb.
ERAmedia xəbər verir ki, Səudiyyə Ərəbistanının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, layihənin təqdimatı nazir müavini Mənsur bin Hilal əl-Müşeyti tərəfindən həyata keçirilib. Nazirlik bildirib ki, layihə vasitəsilə “dəvəçilik sektorunun tənzimlənməsi, sənədləşdirilməsi və xidmətlərin səmərəliliyinin artırılması” təmin olunacaq.
Açıqlamada qeyd olunub ki, layihənin əsas məqsədi “dəvələrə dair məlumatların, mülkiyyətin və nəsil şəcərələrinin sənədləşdirilməsidir”. Eyni zamanda sağlamlıq və rəsmi tənzimləmələrlə bağlı məlumatların vahid mənbədə toplanması hədəflənir.
Dəvələr üçün veriləcək sənədin “təsdiqlənmiş rəsmi istinad” xarakteri daşıyacağı, xidmət keyfiyyətinin yüksəldilməsinə töhfə verəcəyi vurğulanıb. Pasportda dəvənin çip nömrəsi, pasport nömrəsi, adı, doğum tarixi, nəsli, cinsiyyəti, rəngi, doğum yeri, verilmə tarixi və yeri ilə yanaşı, heyvanın sağ və sol profildən çəkilmiş fotolarının da yer alacağı bildirilib.
Səudiyyə Ərəbistanında 2025-ci ilin iyun ayına olan məlumata görə, ölkədə 2 milyon 235 min 297 dəvə mövcuddur.
Vüsalə










