Bu ölkənin prezidenti Trampı dezinformasiya yaymaqda ittiham etdi
Kolumbiya prezidenti Qustavo Petro ABŞ prezidenti Donald Trampın onun ünvanına səsləndirdiyi hədələrlə dolu açıqlamaları tənqid edib.
ERAmedia xəbər verir ki, o bu barədə “X” sosial media platformasında yazıb. Petro bildirib ki, Tramp “Kolumbiya haqqında tamamilə yanlış məlumatlandırılıb”.
Petro qeyd edib ki, onun administrasiyası narkokartellərə qarşı genişmiqyaslı əməliyyatlar həyata keçirib. Petro vurğulayıb ki, Tramp Kolumbiyanın kokain ticarəti ilə mübarizədə ən böyük təcrübəyə malik ölkə olduğunu nəzərə almır.
Petronun sözlərinə görə, onun prezidentliyi dövründə ordu mafiyaya qarşı 1446 quru əməliyyatı və 13 hava zərbəsi həyata keçirib, ümumilikdə isə 2700 ton kokain müsadirə olunub. Bu, dünya üzrə tarixi rekord hesab olunur. Onun sözlərinə görə, bu, “32 milyard dozanın ABŞ-a və digər ölkələrə çatmasının qarşısını alıb”.
Kolumbiya lideri Trampın açıqlamalarını ölkəyə qarşı “hörmətsizlik” adlandırıb və ABŞ prezidentinin yanlış məlumatlar əsasında qəbuledilməz bəyanatlar verdiyini bildirib.
Petro həmçinin qeyd edib ki, Kolumbiyanın ABŞ-la Fələstin, Karib hövzəsi, Venesuela və narkomafiya ilə mübarizə kimi mövzularda fikir ayrılıqları var. O, bu məsələlərdə öz mövqeyini ifadə etmək hüququna malik olduğunu vurğulayıb.
Kolumbiya prezidenti əlavə edib ki, son illər narkokartellər “tarixi itkilər” verib və onun siyasi həyatda qalmasını “möcüzə” adlandırıb. O bildirib ki, kokain ticarəti əsasən Kariblərdən deyil, Sakit okean marşrutu ilə daşınır və narkokapital artıq Kolumbiyaya qayıtmır, beynəlxalq maliyyə sisteminə inteqrasiya olunur.
Petro qeyd edib ki, beynəlxalq koordinasiya sayəsində bu aktivlərin dondurulması mümkündür, lakin bununla bağlı mövqeyi səbəbilə beynəlxalq mafiyalar onun ailəsinə təhdid göndərir. O, ABŞ prezidentlərini bu təhdidlərə dolayı şəkildə də olsa dəstək verən mövqedən çəkinməyə çağırıb.
Xatırladaq ki, bundan əvvəl Tramp Kolumbiya prezidentini “narkotik satıcısı” adlandıraraq, onu özünün “növbəti hədəfi” olacağı ilə hədələmişdi. Tramp iddia etmişdi ki, Kolumbiya guya ABŞ-a birbaşa narkotik göndərən “kokain fabriklərini idarə edir”.
Vural Həsənoğlu










