Bu prospektə mikromobillik zolağı çəkilib
Bakı şəhərində mikromobillik infrastrukturunu inkişaf etdirmək və şəbəkənin davamlılığına nail olmaq məqsədilə Azadlıq prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil edilib.
ERAmedia-ya Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, velosiped və skuterlərdən istifadə edən hərəkət iştirakçılarının rahatlığını təmin etmək üçün Dilarə Əliyeva və Xaqani küçələri arasında təşkil olunan zolaq 28 May, Nizami və Xaqani küçələrindəki zolaqları daha bir istiqamətdən əlaqələndirib. Mikromobillik zolağı çəkilən zaman prospektdə zolaqların eni standartlara uyğunlaşdırılıb və sayı sabit saxlanılıb. Ərazidə müvafiq yol nişanları quraşdırılır. Yaxın günlərdə təhlükəsizlik sədlərinin quraşdırılması həyata keçiriləcək.
Hazırda mikromobillik zolaqlarının uzunluğu 67,8 kilometrə çatdırılıb. Şəhər konsepsiyası çərçivəsində mikromobillik zolaqları şəbəkəsi genişləndiriləcək.










