Bu sahədə süni intellekt üçün yeni yanaşma tələb olunur – Ekspert
Parlamentdə “Kənd təsərrüfatında süni intellektin tətbiqi” mövzusunda ictimai dinləmə keçirilib. Dinləmə zamanı aqrar sektorda hazırlanmış süni intellekt həllərinin təqdimatı təşkil olunub.
ERAmedia xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüzün fikrincə, belə tədbirlərin formatı və məqsədi yenidən nəzərdən keçirilməlidir.
Onun sözlərinə görə, əvvəlcə ictimai dinləmədə süni intellektlə bağlı qanun layihəsi və ya yeni təşəbbüslərin müzakirə olunacağı gözlənilirdi.
Ekspert bildirib ki, sonradan məlum olub ki, tədbirdə əsasən aqrar sahədə hazırlanmış süni intellekt modullarının deputatlara texniki təqdimatı təşkil edilib. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, aqrar sektorda 30-dan çox süni intellekt modulu hazırlanıb.
“Əlbəttə, Nazirliyin aqrar sektorun inkişafına dəstək məqsədilə bu qədər rəqəmsal modul hazırlaması təqdirəlayiqdir. Amma sual yaranır: seçilən format doğrudanmı məqsədəuyğundur? Peşəkar qanunvericilik fəaliyyəti ilə məşğul olan deputatlar üçün heyvandarlıq, bitkiçilik, pestisidlər, torpaq analizləri və digər aqrar proseslərlə bağlı rəqəmsal modulların texniki təqdimatı əsas müzakirə mövzusu olmalıdırmı?” – deyə Osman Gündüz qeyd edib.
Onun fikrincə, bu sahədə yanaşmalar dəyişdirilməlidir və dövlət qurumları daha çox texnologiya icması ilə əməkdaşlığa üstünlük verməlidir.
Ekspert xatırladıb ki, bir müddət əvvəl Prezidentin sədrliyi ilə keçirilən “rəqəmsal arxitektura” müşavirəsində fərqli yanaşmalar müəyyən edilib və yeni qəbul olunan fəaliyyət planında da bu istiqamətdə konkret tələblər yer alıb. Məhz sektorda koordinasiyanı təmin etmək məqsədilə Rəqəmsal İnkişaf Şurası yaradılıb.
Osman Gündüz hesab edir ki, Kənd Təsərrüfatı Nazirliyi süni intellekt həllərinin təqdimatını deputatlara deyil, bu sahədə çalışan biznes qurumlarına, startaplara, tədqiqat mərkəzlərinə və texnoloji icmalara təqdim etməlidir.
Onun sözlərinə görə, daha düzgün yanaşma dövlət qurumlarının hazır həllərini təqdim etməsi deyil, aqrar sahədə toplanmış məlumatların texnologiya icması üçün açıq şəkildə paylaşılmasıdır.
“Ən doğru və məntiqli addım KTN-in aqrar sahədə topladığı datasetləri biznes və startaplar üçün açması olardı. Dövlət öz problemlərini və sektorun inkişafı üçün zəruri ehtiyacları təqdim etməli, texnologiya şirkətləri isə bu məlumatlardan istifadə edərək yeni həllər hazırlamalıdır”, – deyə ekspert vurğulayıb.
O qeyd edib ki, gözlənti ondan ibarətdir ki, Rəqəmsal İnkişaf Şurası və onun katibliyini həyata keçirən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi biznes və startapları, texnologiya icmasını bir araya gətirsin və dövlət qurumlarının məlumatlarını bu ekosistem üçün əlçatan etsin.
Ekspert əlavə edib ki, bu prosesdə dövlətə məxsus hesablama resurslarına çıxışın da təmin olunması vacibdir. Onun sözlərinə görə, xüsusilə AzInTelecom və İnformasiya Texnologiyaları İnstitutunun Superkompüter Mərkəzlərinin imkanlarından istifadə üçün şərait yaradılması əhəmiyyətlidir.
Osman Gündüz bildirib ki, dünyada aqrar texnologiyaların inkişafı əsasən açıq innovasiya modelinə əsaslanır.
O nümunə kimi Qazaxıstan təcrübəsini göstərib. Onun sözlərinə görə, bu ölkədə hökumət 200-dən çox dövlət datasetini açaraq startaplar və şirkətlər üçün açıq platforma yaradıb. İT komandaları həmin məlumatlardan istifadə edərək yeni süni intellekt həlləri hazırlayır, dövlət isə bu prosesdə xidmət təminatçısı rolunu oynayır.
Ekspertin fikrincə, qlobal miqyasda AgroTech siyasəti dövlət məlumatları, İT biznesi, startap ekosistemi və açıq innovasiya modeli üzərində qurulur.
“Amma bizdə hələlik dövlət datası + dövlət sektoru + dövlət şirkətləri modeli daha çox diqqət çəkir. Halbuki regionda rəqabətin artdığı bir dövrdə real nəticə əldə etmək üçün ən doğru addım dövlət məlumatlarını açmaq, biznes və startapları prosesə cəlb etmək və texnologiya icması ilə əməkdaşlıq qurmaqdır”, – deyə Osman Gündüz qeyd edib.
Ekspert ümid etdiyini bildirib ki, Rəqəmsal İnkişaf Şurası və onun katibliyini həyata keçirən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu məsələlərin əhəmiyyətini nəzərə alaraq prosesin düzgün koordinasiyasını təmin edəcək.
Əli Fərhad









