Bunun bu ahıl yaşında nə vecinədi ki, gələn il kinoya pul ayıracaqlar ya yox...
ERAmedia xəbər verir ki, bu ittihamları Rəşid Behbudov Fondunun direktoru, dünya şöhrətli müğənninin kürəkəni Kamil Şahverdi Milli Məclisin Mədəniyyət komitəsinin sədri, sabiq mədəniyyət naziri Polad Bülbüloğlu haqqında öz sosial şəbəkə hesabında yazıb.
“Nəhayət ki, başa düşdüm. Yadıma düşdü ki, bir neçə gün bundan qabaq işbaz, dələduz, oğru Şvıdkoy Azərbaycanla mədəni əlaqələrin yenidən qurulmasının mümkünlüyündən danışırdı. Ramiz Mehdiyev vurulandan sonra qeybə çəkilənlərə bir mesaj idi, deyəsən… Bunlar da yavaş-yavaş baş qaldırmağa başlayıblar. Yəqin Moskvadan göstəriş gəlib.
Başqa səbəb isə odur ki, gələn il millətimizi aşağılayan “Qorxma, mən səninləyəm” filminin üçüncü hissəsini çəkmək keçir xəyallarından. Yenə bizim pulumuza bizi aşağılamaq istəyirlər.
İnanın ki, bunları milli mədəniyyətimiz, incəsənətimiz, kinomuz, teatrımız, ədəbiyyatımız, musiqimiz, rəngkarlığımız qətiyyən düşündürmür. Yalnız və yalnız şəxsi maraq və Moskvadan gələn tapşırıq olanda səsləri çıxır. Yoxsa bunun bu ahıl yaşında nə vecinədir ki, gələn il kinoya pul ayıracaqlar, ya yox…” , – deyə K.Şahverdi əlavə edib.
Qeyd edək ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu parlamentin bir neçə komitəsinin dünənki iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı kino sahəsinə pul ayrılmamasına etiraz edib.
“Kinoya heç bir vəsait ayrılmaması çox ciddi təhlükə yaradır. Çünki kino elə bir istehsaldır ki, orada elə mütəxəssislər çalışırlar ki, onlar olmasalar, kino yaratmaq mümkün olmayacaq. Bunun üçün də bu sahəyə büdcə ayrılması önəmlidir”, – deyə komitə sədri bildirib.










