media-1721296991_ca11ca25-eab8-3c62-98e5-9d5c033ed0c8_850

Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət Görüşü bir növ Azərbaycan mərkəzli sammit kimi yadda qalıb.

ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Sahib Alıyev bunu görüşdə imzalanan birgə bəyanatın və müvafiq qərarın məzmununun Azərbaycanın artan rolunu əks etdirməsi ilə əlaqələndirib.

Deputatın fikrincə, Birgə Bəyanatda diqqət çəkən əsas məqamlardan biri gələn il Məşvərət Görüşünə Azərbaycanın sədrliyinin dəstəklənməsidir. Üzvlükdən bir il belə keçməmiş ölkəmizin bu formata sədrliyinin dəstəklənməsi Azərbaycana olan rəğbətin və onun Mərkəzi Asiya regionu üçün oynadığı rolun daha aydın dərk edilməsinin nəticəsidir.

Sahib Alıyev qeyd edib ki, Məşvərət Görüşündə 2026-cı il oktyabrın 15-də Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Sammitinə hazırlıq işləri də yüksək qiymətləndirilib. Onun sözlərinə görə, Azərbaycanın AQEM-ə sədrliyi dövründə atdığı addımlar Mərkəzi Asiya ölkələrinin maraqlarına da cavab verir.

Deputat bildirib ki, rəsmi Bakı “Təhlükəsiz və səmərəli nəqliyyat dəhlizi sistemləri” üzrə koordinator ölkə kimi Orta Dəhlizin və regionlararası logistik zəncirlərin gücləndirilməsinə, rəqəmsallaşmaya xüsusi diqqət ayırıb. Eyni zamanda, Azərbaycanın AQEM-in təşkilata çevrilməsi istiqamətində də mühüm təşəbbüslərlə çıxış etdiyini vurğulayıb.

Sahib Alıyevin fikrincə, ATƏM-in ATƏT-ə çevrilməsi kimi, AQEM-in də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Təşkilatına çevrilməsi istiqamətində addımlar atılır. Azərbaycanın sədrliyi altında yeni Nizamnamənin hazırlanması, Qadın Şurasının, Maliyyə Sammitinin və Aparıcı Universitetlər Şəbəkəsinin yaradılması, eləcə də Katibliyin gücləndirilməsi bu prosesdə mühüm rol oynayır.

Deputat qeyd edib ki, Azərbaycanın digər beynəlxalq təşkilatlara sədrliyi zamanı qazandığı təcrübə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə gələn ilki sədrliyin də bir sıra yeniliklərlə yadda qalacağını deməyə əsas verir.

Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri artıq Azərbaycanın həm C6, həm də Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində vasitəçi deyil, təşəbbüskar mövqedən çıxış etdiyini aydın görürlər. Azərbaycanın yanaşması ondan ibarətdir ki, üzv dövlətlərin hər biri nə qədər suveren və müstəqil olarsa, ümumi birliyin güclənməsinə də bir o qədər töhfə verə bilər.

Sahib Alıyev xatırladıb ki, Prezident İlham Əliyev Məşvərət Görüşündəki çıxışında əməkdaşlıq formatının geosiyasi əhəmiyyətinin yalnız energetika və nəqliyyat sahələrində birgə layihələrlə məhdudlaşmadığını vurğulayıb. Deputatın fikrincə, rəqəmsal infrastrukturun inkişafı da ölkələr arasında əlaqələrin dərinləşməsində mühüm yer tutur.

O bildirib ki, Xəzərin altından keçərək Sumqayıtla Aktau şəhərlərini birləşdirən, ötürmə gücü 400 terabitdən çox olan Azərbaycan-Qazaxıstan fiber-optik kabel xəttinin istifadəyə verilməsi nəzərdə tutulur. Qardaş Türkmənistanla da ötürücülük qabiliyyəti 2–4 terabit olan analoji xəttin çəkilməsi üçün hazırlıq işlərinə başlanılıb.

Deputatın sözlərinə görə, bu layihələr ölkələr arasında rəqəmsal bağlantıları gücləndirməklə yanaşı, qarşılıqlı etimadın artmasına da xidmət edəcək. Çünki söhbət yalnız internet tranzitindən deyil, həm də kibertəhlükəsizlik məsələlərindən gedir.

Sahib Alıyev vurğulayıb ki, C6 formatının böyük gələcəyi var və Azərbaycan bu əməkdaşlıq çərçivəsində logistik mərkəz, rəqəmsal qovşaq və ortaq dəyər zəncirlərinin formalaşdığı məkan kimi mühüm rol oynayacaq.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər