Cabbar Musayev Əliabadda sakinlərlə görüşüb
İcra başçısı Cabbar Musayev Əliabad qəsəbəsində vətəndaşlarla görüşüb.
Dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədi ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev tərəfindən 2025 – ci ilin yanvar ayı ərzində keçirilməsi nəzərdə tutulan növbəti səyyar qəbulu yanvarın 15-də Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində yaşayan vətəndaşlarla olub.
Qəbulda Naxçıvan Şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, tabeli qurumların rəhbərləri və vətəndaşlar iştirak ediblər.
İlk öncə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İcra hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək, Prezident Cənab İlham Əliyevin tapşırığına əsasən yerlərdə vətəndaşların müraciətlərinin daim diqqət mərkəzində saxlanılmasını və araşdırılaraq həlli istiqamətində müvafiq işlər görüləcəyini vətəndaşların diqqətinə çatdırıb.
Eyni zamanda, İcra başçısı Prezident Cənab İlham Əliyevin 7 yanvar 2025-ci il tarixdə yerli televiziya kanallarına verdiyi müsahibə zamanı ölkəmiz və Naxçıvan Muxtar Respublikası üçün önəmli olan məqamları vətəndaşların diqqətinə çatdırıb.
Daha sonra qəbul zamanı vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunub, müraciət və təklifləri dinlənilib.
Əliabad qəsəbəsində yaşayan vətəndaşların müraciətləri əsasən yolların asfaltlanmasından, gözdən əlil olan oğlunun mənzil ilə təmin olunmasından, sökülmüş mülkünün əvəzində torpaq sahəsinin verilməsindən, Mərasim Evinə sukanalizasiya xəttinin çəkilməsindən, marşrut xəttinin istiqamətinin dəyişdirilməsindən, iş ilə təmin olunmasından, sahibkarlıq obyektinin açılmasına köməklik göstərilməsindən və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətləri ilə bağlı onları narahat edən məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər isə nəzarətə götürülməklə, aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, qəbul Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının qrafikinə əsasən keçirilib və qarşıdakı dövrlərdə də müntəzəm olaraq yerlərdə keçirilməsi nəzərdə tutulub.