Cabbar Musayev Macarıstanın Kecskemet şəhərinin meri ilə görüşüb
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev ilə Macarıstan Respublikasının Kecskemet şəhərinin meri Klaudia Szemereyné Pataki arasında Cenevrə şəhərində keçirilən BMT-nin 5-ci Merlər Forumu (The 5th UN Forum of Mayors) çərçivəsində ikitərəfli görüş təşkil olunub.
ERAmedia xəbər verir ki, görüşdə tərəflər şəhərlərarası və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar. İcra Hakimiyyətinin başçısı bildirib ki, şəhər və regionların inkişafı, mədəniyyət, turizm, texnologiya və elm sahələrində qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi planlaşdırılır. Mer Klaudia Szemereyné Pataki isə belə əməkdaşlıqların hər iki tərəf üçün faydalı olduğunu, gənclərin mübadiləsi, təhsil və mədəniyyət sahələrində yenilikçi təşəbbüslərin dəstəklənməsinin vacibliyini vurğulayıb.
Təhsil sahəsində vacib yenilik kimi ötən il Naxçıvan Dövlət Universiteti ilə Macarıstanın John von Neumann Universiteti arasında kompüter mühəndisliyi ixtisası üzrə ingilis dilində bakalavr pilləsində ikili diplom müqaviləsi imzalanması qeyd olunub.
Qeyd edək ki, ikitərəfli görüşdə Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov da iştirak edib.