Cabbar Musayev şəhər sakinləri ilə görüşüb
Avqustun 26-da Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev dövlət başçısının tapşırıq və tövsiyələrinə əsasən, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli məqsədi ilə İcra Hakimiyyətinin inzibati binasında 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin əhatə etdiyi ərazidə yaşayan sakinlərlə görüşüb.
Öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ölkəmizin tərəqqisi və qüdrətlənməsi, xalqımızın rifahının daha da yaxşılaşdırılması istiqamətində gördüyü çoxşaxəli işlərdən danışıb, həmçinin həyata keçirilən məqsədyönlü daxili və xarici siyasət nəticəsində güclü və inkişaf etmiş ölkəyə çevrildiyini vurğulayıb.
Eyni zamanda “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın muxtar respublikanın gələcək inkişafındakı mühüm rolu xüsusi qeyd edilib. Bildirilib ki, Dövlət Proqramına əsasən ötən dövrlərdə olduğu kimi bu ildə Naxçıvan şəhərində abadlıq-quruculuq tədbirləri həyata keçirilməkdə davam edəcəkdir.
Daha sonra görüş zamanı vətəndaşları narahat edən məsələlərlə yaxından tanış olunub, onların müraciət və təklifləri dinlənilib.
Vətəndaşların müraciətləri əsasən torpaq sahəsinin verilməsindən, ağacların suvarılmasına köməklik göstərilməsindən, evinin təmirinə müvafiq dəstəyin verilməsindən, məhəllə və küçə yollarının asfaltlanmasından, müvafiq iş ilə təmin olunmalarına köməklik göstərilməsindən və digər məsələlərlə bağlı olub.
Vətəndaşların müraciətləri əsasında onları narahat edən məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib, həlli vaxt tələb edən məsələlər nəzarətə götürülüb. Naxçıvan Şəhər İcra Hakimiyyətinin fəaliyyət dairəsinə aid olmayan məsələlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.
İcra Hakimiyyətinin məsul şəxsləri və tabeli qurumların rəhbərlərinin də iştirak etdiyi görüşdə – şəhər sakinləri müraciətlərinə baxılması məqsədi ilə yaradılan şəraitdən razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.