Cabbar Musayev səyyar qəbul keçirib - FOTO
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsində yaşayan sakinlərlə növbəti səyyar qəbul keçirib.
ERAmedia xəbər verir ki, qəbul Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Cabbar Musayev çıxışında Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq vətəndaş müraciətlərinin operativ şəkildə araşdırılmasının prioritet olduğunu vurğulayıb. Eyni zamanda “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın muxtar respublikanın gələcək inkişafındakı mühüm rolu xüsusi qeyd edib. Bildirib ki, Dövlət Proqramına əsasən bu ildə Naxçıvan şəhərində abadlıq-quruculuq tədbirləri həyata keçirilməkdə davam edəcəkdir.
Qəbul zamanı sakinlərin müraciətləri dinlənilib, həlli mümkün olan məsələlərlə bağlı tapşırıqlar verilib, vaxt tələb edən müraciətlər nəzarətə götürülüb. İcra hakimiyyətinin səlahiyyətinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara yönləndirilməsi üçün qeydiyyata alınıb.
Sakinlər müraciətlərinə göstərilən diqqətə və əvvəlki səyyar qəbullarda qaldırılan problemlərin həllinə görə Ölkə Rəhbərliyinə təşəkkür ediblər.
Qeyd edək ki, qəbulda icra hakimiyyətinin əməkdaşları, tabelikdə olan qurumların rəhbərləri və vətəndaşlar iştirak ediblər.









