Çaykovskinin “Qu gölü” baleti təqdim olundu
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında Heydər Əliyev Sarayında dünya balet sənətinin ən məşhur incilərindən biri olan Pyotr Çaykovskinin əsrarəngiz “Qu gölü” baleti ifa olunub.
ERAmedia Teatra istinadən xəbər verir ki, klassik balet janrında olan tamaşa 3 pərdədən və 4 şəkildən ibarət olub. Tamaşada Novosibirsk Dövlət Akademik Opera və Balet Teatrının premyeri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Artyom Puqaçev Şahzadə Ziqfrid obrazını canlandırıb. Odetta, Odiliya obrazını balet artistlərinin beynəlxalq müsabiqəsinin bürünc mükafatçısı Ayan Eyvazova, Rotbartı Aleksandr Suldin, təlxəyi Mir Aydın Abdullayev oynayıb. Balaca qu quşlarını Dinara Məmmədova, Nərgiz Abdullayeva, Səbinə Hacıdadaş, Leyla Narimanidze, böyük qu quşlarını Əməkdar artist Elmira Süleymanova, Liana Praqa, Səbinə Məmmədova, hökmlü şahzadə qadın obrazını Larisa Semyonova, hami obrazını isə İqor Kuznetsov ifa edib.
Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu baletmeysterləri – Marius Petipa, Lev İvanov, redaksiyası Aleksandr Qorskiy və SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Qəmər Almaszadədir.
Baletmeyster repititorları – Xalq artistləri Mədinə Əliyeva, Gülağası Mirzəyev, Əməkdar artist Yuriy Lobaçev, quruluşçu rəssamı Əməkdar rəssamı Ənvər Almaszadə, konsertmeysteri Züleyxa Usubova, tamaşanı idarə edən isə Əməkdar artist Yuriy Lobaçevdir.









