“CBC Sport”dan açıqlama
Mayın 6-da UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Bayern Münhen” – PSJ qarşılaşmasının yayımı texniki səbəblərdən mümkün olmayıb.
ERAmedia xəbər verir ki, bu barədə matçın ölkəmizdə yayım hüququna sahib “CBC Sport” telekanalının dərc etdiyi açıqlamada bildirilib.
Bildirilib ki, gün ərzində yayım prosesi ilə bağlı aparılan ənənəvi testlər zamanı hər hansı problem aşkarlanmasa da, matçın başlamasına təxminən 5 dəqiqə qalmış gözlənilməz texniki nasazlıq yaranıb:
“Problem qeydə alınan andan etibarən onun aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülüb. Məqsədimiz nasazlıq aradan qalxan kimi, oyunun hansı dəqiqəsinin getməsindən asılı olmayaraq dərhal efirə qoşulmaq idi. Lakin texniki heyətin görüş boyu davam edən səylərinə baxmayaraq yayımı bərpa etmək mümkün olmayıb.
Baş verən bu xoşagəlməz hadisəyə görə məsuliyyətimizi tam dərk edir, oyunu sizə təqdim edə bilmədiyimiz üçün bütün futbolsevərlərdən üzr istəyirik.
İdmansevərlərin anlayışına ümid edir və belə halların bir daha təkrarlanmaması üçün bütün lazımi addımların atılacağını bildiririk”.









