media-3befe88e-c63e-4b47-892e-e9610899a12e
media-bant_master

Çeçenistanın paytaxtı Qroznıda yerləşən “Grozny City” kompleksinə aid çoxmərtəbəli ofis binası gecə saatlarında dron hücumuna məruz qalıb.

ERAmedia xəbər verir ki, hadisə nəticəsində binaya ciddi ziyan dəyib, ardıcıl baş verən güclü partlayış səsləri şəhərdə təlaşa səbəb olub.

“Astra” Teleqram kanalı xəbər verir ki, hücuma məruz qalan binada Çeçenistan Təhlükəsizlik Şurası, Hesablama Palatası və Seçki Komissiyası fəaliyyət göstərirdi. Sosial şəbəkələrdə yayılan görüntülərdə binanın bir neçə mərtəbəsində şüşələrin tamamilə dağıldığı, fasadın isə ağır zədələndiyi görünür. Çeçenistan rəhbərliyi hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Bununla yanaşı, bölgədəki müxalif kanallar da hücumu təsdiqləyən məlumatlar paylaşıb.

Hücumdan sonra Qroznı Hava Limanı, həmçinin Beslan və Maqas hava limanları mümkün dron təhlükəsi səbəbilə müvəqqəti olaraq bağlanıb.

Eyni gecə Rusiyanın müxtəlif bölgələrində də çoxsaylı dron hücumları qeydə alınıb. Krasnodar diyarındakı Temryuk Limanının hədəf alındığı, zərbələrdən sonra yanacaq anbarlarında yanğın başladığı bildirilir.

Sızran şəhərinin meri Sergey Volodçenkov da şəhərin dron hücumu ilə üzləşdiyini təsdiqləyib. Yerli Telegram kanalları bölgədə ardıcıl 5–7 partlayış səsinin eşidildiyini, daha sonra atəş səslərinin gəldiyini yazıb.

Hücumların məsuliyyətini hələ heç bir tərəf üzərinə götürməyib. Rusiya mənbələri hücumların Ukrayna tərəfindən həyata keçirildiyini iddia edir. Hadisələrdən sonra bölgədə gərginliyin daha da yüksəldiyi bildirilir.

Vural Həsənoğlu


media-adspc

Bənzər xəbərlər