Cəlilabad və Biləsuvarda fermerlərə aqrar sığorta ödənişi edildi
Aqrar Sığorta Fondu (ASF) Cəlilabad və Biləsuvarda əkin sahələrinə dəymiş zərər üzrə növbəti aqrar sığorta ödənişlərini həyata keçirib.
ERAmedia-ya Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, Cəlilabad rayonundan olan fermer Lətif Ağayev 9,26 hektar buğda sahəsini aqrar sığorta vasitəsilə çoxsaylı risklərdən sığortalayıb, bunun üçün 151 manat sığorta haqqı ödəyib. Ərazidə baş vermiş sel-subasma hadisəsi nəticəsində əkin sahəsinə ciddi zərər dəyib. Nəticədə fermerə azadolma məbləği çıxılmaqla, 8598 manat məbləğində sığorta ödənişi edilib.
Sığorta ödənişi edilən digər sahibkar Biləsuvar rayonunun Yuxarı Ağalı kəndindən olan fermer Etibar Əcəmov olub. Fermer 20 hektar buğda sahəsini ASF-də sığortalayaraq 141 manat sığorta haqqı ödəyib. Əraziyə vəhşi heyvanların hücum etməsi nəticəsində əkin sahəsinin bir hissəsinə zərər dəyib. Nəticədə ASF tərəfindən fermerə 1802 manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Ödəniş alan fermerlər aqrar sığorta mexanizminin fəaliyyətindən razılıqlarını bildirib, digər fermer həmkarlarını da bu imkandan istifadə edərək təsərrüfatlarını sığortalamağa çağırıblar.
Qeyd edək ki, aqrar sığorta vasitəsilə əkin sahələrini dolu, fırtına, qasırğa, yanğın, o cümlədən ildırım vurması nəticəsində baş verən yanğın, sel-subasma, torpaq sürüşməsi, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkəti və sair risklərdən sığortalamaq mümkündür. Sığorta haqqının yarısı dövlət tərəfindən ödənildiyinə görə, fermerlər, cüzi ödəniş etməklə təsərrüfatlarını böyük məbləğə sığortalaya bilərlər.
Aqrar sığortanın əhatə etdiyi bitkiçilik məhsullarının sığorta şərtləri və tarifləri ilə ASF-nin rəsmi internet səhifəsində “Bitkiçilik məhsulları” bölməsində və “Bitkiçilik kalkulyatoru” vasitəsilə ətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləmək və 1651 qısa nömrəsinə zəng etməklə əldə etmək olar.










