Cəlilabadda maddi-mədəniyyət nümunələri aşkarlanıb
Cəlilabad rayonunda abadlıq işləri aparılarkən qədim dövrə aid maddi-mədəniyyət nümunələri aşkar edilib.
ERAmedia xəbər verir ki, tapıntı rayon ərazisində – Narbağı adlanan sahədə parkın salınması zamanı aşkarlanıb.
Belə ki, ərazidə aparılan qazıntılar zamanı qədim dövrə aid dörd təsərrüfat küpü və digər maddi-mədəniyyət nümunələri üzə çıxıb.
Tapıntılarla bağlı Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqu Vəfa Mahmudovaya məlumat verilib. Məlumat əsasında institutun nümayəndəsi əraziyə ezam olunub və burada tədqiqat işlərinə başlanılıb.
Aşkarlanan maddi-mədəniyyət nümunələrinin Azərbaycan tarixinin qədim dövrləri ilə bağlı yeni və əhəmiyyətli məlumatlar ortaya çıxara biləcəyi ehtimal olunur.









