Cəmiyyətdə zorakılıq meylləri artır – Deputatdan sərt AÇIQLAMA
Cəmiyyətdə baş verən son zorakılıq halları ciddi narahatlıq doğurur, müxtəlif sahələrin dəyərli nümayəndələrinə qarşı hücumlar artıq təhlükəli tendensiyaya çevrilməkdədir.
ERAmedia xəbər verir ki, Milli Məclisin Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bu barədə açıqlamasında bildirib ki, cəhalət və xurafat zəminində törədilən cinayətlər, müəllimlərə, həkimlərə və digər ziyalılara qarşı hücumlar cəmiyyət üçün ağır nəticələr doğurur.
Deputat qeyd edib ki, biri fikirlərinə görə siyasətçini, digəri dərs tələb edən müəllimi, başqa biri isə insanlara şəfa verən həkimi hədəfə alır: “Bu ayrı-ayrı hadisələr zamanla birləşərək daha təhlükəli bir mühit yaradır. Cəmiyyət isə çox vaxt bu prosesləri biganəliklə izləyir”.
Komitə sədri vurğulayıb ki, zorakılıq meyllərinin artması təhsil, mədəniyyət və sosial dəyərlər sahəsində yaranan boşluqlarla birbaşa bağlıdır: “Öldürmək, güllələmək, partlatmaq kimi düşüncələrin yayılması artıq ciddi sosial problemdir və buna qarşı sistemli mübarizə aparılmalıdır”.
Fazil Mustafa hazırda ağır vəziyyətdə olan tanınmış həkimin durumuna da toxunaraq bildirib ki, bu cür hadisələr cəmiyyət üçün ikiqat itkidir: “Bir tərəfdən insan həyatı təhlükə altındadır, digər tərəfdən isə illərlə formalaşmış peşəkar potensial itirilir. Bu millətin savadlı, təcrübəli mütəxəssisləri çox deyil”.
O əlavə edib ki, faydalı insanların dəyərinin vaxtında verilməməsi də ciddi problemdir:
“Müəllimləri, həkimləri, sənət adamlarını və digər peşə sahiblərini qiymətləndirməmək, onları işindən uzaqlaşdırmaq da eyni dərəcədə ağrılı nəticələr yaradır”.
Sonda deputat bildirib ki, hər bir savadlı və faydalı insanın itkisi millətin gücünün və iradəsinin zəifləməsi deməkdir və belə halların qarşısını almaq üçün həm dövlət, həm də cəmiyyət səviyyəsində ciddi addımlar atılmalıdır.










