“Cənnət yuxusu” filmi Almaniyada təqdim edilib
Azərbaycan Prezidenti İlham Əliyevin Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar Mədəniyyət Nazirliyinin sifarişi və dəstəyi ilə hazırlanmış “Cənnət yuxusu” adlı bədii-sənədli film Almaniyanın Ştutqart şəhərində nümayiş olunub.
ERAmedia xəbər verir ki, təqdimat zamanı Azərbaycanın mədəni irsini əks etdirən kitablar və milli sənət nümunələrindən ibarət stend ziyarətçilərə təqdim edilib.
Film Azərbaycanın Almaniyadakı səfirliyi, Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzi və Ştutqart Azərbaycan Evinin təşkilatçılığı ilə “Arthaus Filmtheater Stuttgart” kinoteatrında tamaşaçılara təqdim olunub.
Filmin təqdimatında Ştutqartdakı Azərbaycan Evinin rəhbəri, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Günay Mirzəyeva çıxış edərək Ştutqart Azərbaycan Evinin fəaliyyəti, həyata keçirilən mədəni və ictimai layihələr barədə məlumat verib. O, Almaniyada Azərbaycan mədəniyyətinin, tarixinin və milli-mənəvi dəyərlərinin təbliği istiqamətində Azərbaycanın Almaniyadakı səfirliyi və Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilən birgə təşəbbüsləri xüsusi qeyd edib, eyni zamanda, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə həyata keçirilən layihələr barədə danışıb.
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri İsa Məmmədov çıxış edərək, Mirzə Qədim İrəvaninin Azərbaycan təsviri sənət tarixindəki mühüm rolundan və onun zəngin yaradıcılıq irsindən bəhs edib. O, “Cənnət yuxusu” bədii-sənədli filminin tamaşaçılara Mirzə Qədim İrəvaninin sənət dünyası ilə yanaşı, Qərbi Azərbaycanın zəngin tarixi-mədəni irsi haqqında da məlumat verdiyini vurğulayıb. İsa Məmmədov Qərbi Azərbaycanın xalqımızın çoxəsrlik tarixi yaddaşının ayrılmaz hissəsi olduğunu, bu torpaqların əsrlər boyu Azərbaycan mədəniyyətinin, memarlığının, ədəbiyyatının və incəsənətinin inkişaf etdiyi mühüm bölgələrdən biri kimi ölkə tarixində xüsusi yer tutduğunu qeyd edərək, filmin Qərbi Azərbaycanla bağlı tarixi həqiqətlərin daha yaxından tanıdılması üçün mühüm imkan yaratdığını vurğulayıb.
Tədbirdə İrəvan xanının Almaniyada yaşayan varisi, Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü Amir Ali Sərdari çıxış edərək öz xatirələrini və ailə tarixindən irəli gələn məlumatları tədbir iştirakçıları ilə bölüşüb. O, bu ekran əsərinin tarixi yaddaşa bir daha nəzər salmaq və keçmişlə bağlı mühüm məqamları yenidən dərk etmək baxımından əhəmiyyətli olduğunu bildirib.
Sonra tamaşaçılar “Cənnət yuxusu” bədii-sənədli filmini izləyiblər. İştirakçılar filmdə təqdim olunan faktların Azərbaycan tarixinin və mədəni irsinin tanıdılması baxımından əhəmiyyətini qeyd edərək, təşkilatçılara təşəkkürlərini bildiriblər.









