“Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq” - KONFRANS
Sentyabrın 8-də Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzi və İsveçrənin St. Gallen Universitetinin nəzdində fəaliyyət göstərən Avropada İdarəçilik və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilir.
ERAmedia xəbər verir ki, konfransda Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlığın gələcəyi, 44 günlük müharibədən sonra regionda baş verən dəyişikliklər, nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafı, yeni infrastruktur layihələri, iqtisadi inteqrasiya, TRIPP layihəsi, mümkün xarici risklər, həmçinin Avropa İttifaqının regionda dayanıqlı əməkdaşlığın və bağlantıların gücləndirilməsindəki rolu müzakirə olunur.
Beynəlxalq konfrans çərçivəsində regionda formalaşan yeni geosiyasi və geoiqtisadi reallıqlar, nəqliyyat-kommunikasiya layihələrinin Cənubi Qafqazın təhlükəsizliyi və iqtisadi inkişafına təsiri, eləcə də regional əməkdaşlığın genişləndirilməsi perspektivləri ilə bağlı fikir mübadiləsi aparılır.
Tədbirdə, həmçinin Cənubi Qafqazda dayanıqlı sülh və əməkdaşlığın təmin olunması, yeni bağlantı imkanlarının yaradılması və regionun beynəlxalq nəqliyyat marşrutlarına inteqrasiyası məsələləri diqqət mərkəzində saxlanılır.










