media-17661546703017962397_1200x630
media-bant_master

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən “2025-ci ilin yekunlarına və gələcək planlara” dair brifinq keçirilib.

ERAmedia xəbər verir ki, brifinqdə TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov, icraçı direktorun müavinləri – Araz Nəsirov, Anar İsrafilov, birliyin struktur-bölmə rəhbərləri və media nümayəndələri iştirak ediblər.

Konfransda TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov ətraflı təqdimatla çıxış edib. O, bildirib ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzində TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində əhaliyə göstərilən tibbi xidmətlərin həcmi əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb: “Hesabat dövründə pasiyent sayı 5 milyon 164 min 745 nəfər təşkil edib. Bu göstərici 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artım deməkdir. Ümumi müraciətlərin sayı 5, stasionar tibbi xidmətlər 6, ambulator xidmətlərin sayı isə 14 faiz artıb. Ümumilikdə 85 milyon 637 min 469 tibbi xidmət göstərilib. Bu göstərici 2024-cü il ilə müqayisədə 13 faiz artıb. Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib”.

İcraçı direktor qeyd edib ki, tibb müəssisələrinin infrastruktur təminatının yaxşılaşdırılması məqsədilə ölkə üzrə bir sıra əsaslı təmir-tikinti layihələri həyata keçirilir və planlaşdırılır. Qeyd edib ki, Bakı şəhərində yerləşən 50 tibb müəssisəsində rentgen və flüoqrafiya otaqlarında, həkim idarəetmə və köməkçi otaqlarda bioloji müdafiə sistemlərinin yaradılması məqsədilə əsaslı təmir işləri həyata keçirilir.

Vüqar Qurbanov deyib ki, Azərbaycanda ilkin tibbi-sanitariya yardımının gücləndirilməsi istiqamətində Bərdə rayonu ərazisində kənd həkim və tibb məntəqələrinin modul tipli avadanlıq, inventar daxil olmaqla quraşdırılması işləri icra olunur: “28 saylı Şəhər Poliklinikasının əsaslı təmiri, eləcə də 132 tibb müəssisəsində rentgen və flüoqrafiya, həkim idarəetmə və köməkçi otaqlarda bioloji müdafiə sistemlərinin yaradılması məqsədilə əsaslı təmir işlərinin aparılması planlaşdırılır. Qubadlı rayonu ərazisində sendviç panel konteyner – modul tipli xəstəxananın quraşdırılması da planlaşdırılan layihələrdəndir. Eləcə də Sumqayıt şəhərində yerləşən 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinin, eləcə də Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasının əsaslı təmiri və yenidən qurulması icra olunacaq əsas layihələr sırasındadır”.

İcraçı direktor hesabat dövrü ərzində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müxtəlif profilli tibb müəssisələrinin ehtiyacları nəzərə alınaraq, diaqnostik, reanimasiya, laboratoriya, cərrahi, fizioterapiya və digər tibbi avadanlıqlar üzrə təminat layihələrinin icra olunduğunu diqqətə çatdırıb:”TƏBİB-in tabeliyində olan tibb müəssisələrində yeni xidmətlərin təşkili və mövcud xidmətlərin genişləndirilməsi istiqamətində ardıcıl, sistemli işlər görülüb. Yeni Klinikada fəaliyyətə başlayan Robotik Reabilitasiya Mərkəzinin maddi-texniki təminatı məqsədilə mərkəz müasir standartlara uyğun bir sıra robotik və funksional reabilitasiya avadanlıqları ilə təchiz edilib. Yeni Klinikada 7 vətəndaşa orqan transplantasiya əməliyyatları həyata keçirilib. Xəstələrdən 5 nəfərə böyrək, 2 nəfərə isə qaraciyər transplantasiyası olunub. Respublika Pediatriya Mərkəzinin tabeliyində olan Ə. F. Qarayev adına Uşaq Klinik Xəstəxanasının tərkibində Yenidoğulmuşların patologiyası və Yenidoğulmuşların reanimasiyası şöbələri fəaliyyətə başlayıb. Sabunçu Tibb Mərkəzində Üz-çənə cərrahiyyəsi şöbəsi yaradılıb”.

İcraçı direktor Kliniki Tibbi Mərkəzdə və Hacıqabul, Abşeron Rayon Mərkəzi xəstəxanalarında oftalmoloji əməliyyatların icrasına başlanıldığını deyib: “Eləcə də Sabirabad, Astara, Qobustan Rayon Mərkəzi xəstəxanalarında, Pirallahı, Xəzər Tibb mərkəzlərində Avastin inyeksiyalarının icra olunmasına başlanılıb. Salyan Rayon Mərkəzi Xəstəxanasında uroloji əməliyyatların icrası təmin edilib. Qəbələ Rayon Mərkəzi Xəstəxanasında Travmatoloji Mərkəz yaradılıb və burada, eyni zamanda, damar cərrahiyyəsi əməliyyatları həyata keçirilir. Şirvan Şəhər Mərkəzi Xəstəxanasında kataraktanın FAKO üsulu ilə korreksiyası və intraokulyar linzanın implantasiyası əməliyyatlarına başlanılıb. Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında beyin damarlarının angioqrafiyası icra olunur. Kliniki Tibbi Mərkəz, Respublika Klinik Xəstəxanası və Sumqayıt, Sabunçu tibb mərkəzlərində də endoprotez əməliyyatları həyata keçirilir. Şəki Rayon Mərkəzi Xəstəxanasında endoskopiya müayinələrinin icrası təmin edilib.

İl ərzində ilkin, müvəqqəti dializ kateterlərinin qoyulması prosedurunu icra edən tibb müəssisələrinin sayı əhəmiyyətli dərəcədə artıb. Şirvan Şəhər Mərkəzi Xəstəxanasında ilkin və qalıcı dializ kateterlərinin qoyulması icra olunur. Şəmkir, Masallı, Quba, Mingəçevir, Xətai, Nizami, Sumqayıt, Respublika Klinik Xəstəxanası, Respublika Kliniki Uroloji Xəstəxana və Mərkəzi Neftçilər Xəstəxanasında isə ilkin dializ kateterlərinin qoyulmasına başlanılıb”.

Regionlarda tibbi xidmətlərin keyfiyyətini və çeşidini artırmaq məqsədilə “Mentor Klinika” layihəsinin həyata keçirilməsindən danışan icraçı direktor layihənin əsas məqsədinin paytaxt Bakı şəhərindəki xəstəxanaların növbə yüklərini azaltmaq, pasiyentlərin paytaxta axınının, ixtisaslı həkim çatışmazlığının qarşısını almaq, tibb heyətinin peşəkarlıq səviyyəsini yüksəltmək, regionda tibbi xidmətin çeşidini artırmaq və bunun nəticəsində müəssisələrin maliyyə potensialının gücləndirilməsini təmin etməkdən ibarət olduğunu deyib.

O qeyd edib ki, 2026-cı ildə TƏBİB-in fəaliyyəti səhiyyə sisteminin daha keyfiyyətli, əlçatan və dayanıqlı qurulmasına yönəlmiş aydın strateji hədəflər əsasında davam etdiriləcək:“Əsas prioritetimiz tibbi xidmətlərin keyfiyyətinin və pasiyent təhlükəsizliyinin yüksəldilməsi olacaq. Bu çərçivədə klinik protokolların icrası gücləndiriləcək, ana və uşaq sağlamlığı üzrə risklərin azaldılması, infeksiyaların və ağırlaşmaların minimuma endirilməsi əsas diqqət mərkəzində saxlanılacaq. Səhiyyə xidmətlərinin idarəolunması nəticəyönümlü keyfiyyət indikatorları əsasında aparılacaqdır. Eyni zamanda, ilkin səhiyyənin və profilaktik yanaşmaların gücləndirilməsi davam etdiriləcək. Ailə həkimliyi və ilkin tibbi-sanitariya yardımının rolu artırılacaq, erkən müraciətlərin təşviqi, skrininq proqramlarının genişləndirilməsi və risk qrupları üzrə nəzarətin gücləndirilməsi əsas istiqamətlərdən biri olacaqdır”.

Vüqar Qurbanov əlavə edib ki, regionlarda tibbi xidmətlərə əlçatanlığın artırılması da prioritet olaraq qalacaq:“İxtisaslaşmış tibbi xidmətlərin regionlarda əlçatan olması davam etdiriləcək, kadr çatışmazlığının azaldılması üçün məqsədyönlü tədbirlər görüləcək. Bununla paralel olaraq, infrastrukturun və maddi-texniki bazanın modernləşdirilməsi, əsaslı təmir və yenidənqurma işləri, modul tipli tibb obyektlərinin tətbiqi və avadanlıqların mərhələli yenilənməsi davam etdiriləcək. Qeyd etməliyəm ki, icra olunan qlobal cərrahiyyə layihəsi ölkəmizdə cərrahi xidmətlərin keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edir. Layihə çərçivəsində müasir cərrahi yanaşmaların tətbiqi, yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılması əsas prioritetlərdəndir. Bu təşəbbüs regionlarda yüksək ixtisaslı cərrahi xidmətlərə əlçatanlığın artırılmasına mühüm töhfə verir. Eyni zamanda, layihə səhiyyə sistemində dayanıqlı inkişafı və insan resurslarının peşəkar inkişafını dəstəkləyir”.

Çıxışının sonunda TƏBİB-in icraçı direktoru səhiyyə sahəsində həyata keçirilən islahatların, görülən işlərin və əldə olunan nəticələrin ictimaiyyətə düzgün, operativ və obyektiv şəkildə çatdırılmasında medianın rolunun xüsusi əhəmiyyət daşıdığını vurğulayıb və media nümayəndələrinə təşəkkür edib.


media-adspc

Bənzər xəbərlər