Ceyhun Bayramov Vivian Balakrişnanla telefonla danışıb
İyulun 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan arasında telefon danışığı aparılıb.
ERAmedia-ya bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, telefon danışığı zamanı Azərbaycanla Sinqapur arasında mövcud ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazirlər siyasi dialoqun intensivləşdirilməsi, qarşılıqlı səfərlər, iqtisadiyyat, ticarət, investisiyalar, rəqəmsal transformasiya, innovasiya, nəqliyyat-logistika, təhsil və insan kapitalının inkişafı kimi istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün mövcud potensialı, ikitərəfli müqavilə-hüquq bazasının inkişaf etdirilməsi istiqamətində atılan addımların vacibliyini qeyd ediblər.
Çoxtərəfli platformalarda, o cümlədən BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb, beynəlxalq təşkilatların seçkili orqanlarına namizədliklər barədə fikir mübadiləsi aparılıb.
Ceyhun Bayramov avqustun 1-dən etibarən Azərbaycan tərəfindən Sinqapur vətəndaşları üçün vizasız rejimin tətbiq olunması qərarı barədə məlumat verib, bu addımın xalqlar arasında təmasların genişlənməsinə, işgüzar əlaqələrin və turizmin inkişafına, həmçinin ikitərəfli münasibətlərin daha da dərinləşməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Telefon danışığı zamanı regional təhlükəsizlik məsələləri də müzakirə olunub. C.Bayramov postmünaqişə dövründə regionda davamlı sülhün və sabitliyin təmin olunması istiqamətində aparılan işlər barədə qarşı tərəfi məlumatlandırıb.
Bununla yanaşı, Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, regionda nəqliyyat və kommunikasiya xətlərinin açılmasının iqtisadi inteqrasiya və qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından əhəmiyyəti diqqətə çatdırılıb.
Ceyhun Bayramov Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin son illərdə strateji səviyyəyə yüksəldiyini, bu çərçivədə C6 formatı çərçivəsində əməkdaşlığın, habelə Xəzər dənizi, Orta Dəhliz və digər regional bağlantı layihələrinin Avrasiya məkanında dayanıqlı iqtisadi inteqrasiyanın təşviqinə mühüm töhfə verdiyi qeyd olunub.
Telefon danışığı zamanı tərəflər qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.









