Ceyhun Cəlilov: “Zəngəzur dəhlizi Türk dövlətləri arasında iqtisadi inteqrasiyanı yeni mərhələyə daşıyacaq”
Naxçıvan Muxtar Respublikasında keçirilən “2-ci Azərbaycan–Türkiyə Regional İqtisadi Forumu”nda çıxış edən Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bölgənin strateji əhəmiyyətinin sürətlə artdığını bildirib.
ERAmedia bildirir ki, Səlahiyyətli nümayəndənin sözlərinə görə, Naxçıvan Türk dünyasının mühüm coğrafi mərkəzlərindən biri kimi bu gün həm də yeni iqtisadi əməkdaşlıq platformasına çevrilir. O vurğulayıb ki, forum dövlət başçılarının müəyyən etdiyi siyasi kursun ardıcıl davamıdır və Azərbaycan–Türkiyə siyasi birliyi iqtisadi tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.
Çıxışında Ceyhun Cəlilov həmçinin qeyd edib ki, Naxçıvanın son illərdə qazandığı mühüm nailiyyətlərin əsasında Prezident İlham Əliyevin təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” dayanır. Sənəd Naxçıvanın innovasiyaya əsaslanan, rəqabətqabiliyyətli və müasir infrastruktur üzərində qurulan yeni iqtisadi modelə keçidini təmin edir. Sənaye parkları, logistika imkanları, gömrük–vergi mexanizmləri və bərpa olunan enerji layihələri bu modelin əsas prioritetləri kimi göstərilib.
Səlahiyyətli nümayəndə bildirib ki, 2025-ci ilin yanvar–oktyabr ayları üzrə iqtisadi göstəricilər regionda inkişaf tempinin daha da sürətləndiyini təsdiqləyir.
Forumda çıxışı zamanı Ceyhun Cəlilov həmçinin Zəngəzur dəhlizinin bölgənin gələcək iqtisadi mənzərəsini müəyyən edən ən mühüm layihələrdən biri olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin siyasi iradəsi ilə reallaşacaq dəhliz Türkiyə ilə Azərbaycan arasında birbaşa quru əlaqəsini bərpa edəcək, regional ticarət və logistikanı əhəmiyyətli dərəcədə sürətləndirəcək. “Zəngəzur dəhlizi Türk dövlətləri arasında iqtisadi inteqrasiyanı yeni mərhələyə daşıyacaq,” – deyə Ceyhun Cəlilov vurğulayıb.










