media-d5a8ba762d2912502ae92d15f1c0ed6f

Ankara Məhkəməsinin CHP-nin 38-ci qurultayının nəticələrini ləğv etməsi, Özgür Özəlin postundan uzaqlaşdırılması və Kemal Kılıçdaroğlunun rəhbərliyə qaytarılması Türkiyə siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

ERAmedia xəbər verir ki, siyasi təhlilçi Asif Nərimanlı bildirib ki, hadisələrin inkişafı iki əsas istiqamətdə davam edə bilər. Onun sözlərinə görə, ilk növbədə ana müxalifət partiyası daxilində ciddi parçalanmalar qaçılmaz görünür.

Təhlilçi qeyd edib ki, artıq Kılıçdaroğlunun qayıdışına etiraz edən qüvvələr mövcuddur və məhkəmə qərarını qəbul etməyən Özgür Özəl komandası vəziyyəti dəyişmək üçün yeni qurultay keçirmək və partiyaya nəzarəti bərpa etmək xəttini seçə bilər. Buna qarşılıq olaraq, 2023-cü ildən etibarən geri dönüş üçün çalışan Kılıçdaroğlu və tərəfdarlarının rəhbərliyi yenidən təhvil vermək niyyətində olmadığı vurğulanıb.

Asif Nərimanlının fikrincə, bu qarşıdurma CHP daxilində dərin siyasi böhran və parçalanmalar yarada bilər. O hesab edir ki, prosesin gələcəkdə Özgür Özəl, Mansur Yavaş və Ekrem İmamoğlunun yeni siyasi partiya yaratmasına qədər inkişaf etməsi də istisna deyil.

Siyasi təhlilçi bildirib ki, CHP-də yaşananları yalnız partiyadaxili hakimiyyət savaşı kimi qiymətləndirmək doğru olmaz. Onun sözlərinə görə, proses eyni zamanda post-Ərdoğan dövründə Türkiyədə formalaşacaq yeni siyasi liderliyin müəyyənləşdirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Asif Nərimanlı vurğulayıb ki, Kılıçdaroğlunun dönüşü və CHP-də mümkün parçalanmalar qısa müddətdə hakim partiyanın maraqlarına uyğun görünür. Bununla yanaşı, o qeyd edib ki, Türkiyənin regional və geosiyasi ambisiyaları fonunda mövcud xarici siyasət kursunun qorunması daxili siyasətdə müəyyən addımların atılmasını zəruri edir.

Təhlilçinin qənaətinə görə, Ekrem İmamoğlunun siyasi yüksəlişinin qarşısını almağa yönələn addımlar təkcə hakimiyyət üçün deyil, həm də Kılıçdaroğlunun siyasi gələcəyini qorumaq baxımından sərfəli idi. O əlavə edib ki, həmin mərhələdə Özgür Özəlin önə çıxmasına şərait yaradan amillər də müşahidə olunurdu.

Asif Nərimanlı hesab edir ki, hazırda Özəl və komandası oxşar siyasi ssenari ilə üz-üzədir və bütün bu proseslərin uzaq perspektivdə post-Ərdoğan dövrünə hazırlığın tərkib hissəsi olması ehtimalı istisna edilməməlidir.

Vural


media-adspc

Bənzər xəbərlər