media-082048051208f49

Pakistanın paytaxtı İslamabadda ABŞ və İran nümayəndələri arasında keçirilən yüksək səviyyəli danışıqlar gözlənilən nəticəni verməyib. Görüşlərə böyük ümid bəslənsə də, tərəflər əsas məsələlər üzrə ortaq mövqeyə gələ bilməyiblər.

Siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib ki, danışıqların uğursuzluğunun əsas səbəbi uranın zənginləşdirilməsi və Hörmüz boğazı ilə bağlı fikir ayrılıqları olub. Onun sözlərinə görə, əgər bu iki istiqamətdə razılıq əldə olunsaydı, digər məsələlər sonrakı mərhələyə saxlanıla bilərdi.

Ekspert qeyd edib ki, İran əvvəlki mövqeyindən geri çəkilərək uranın zənginləşdirilməsindən tam imtina etmək istəmir. Eyni zamanda Tehran Hörmüz boğazına nəzarəti də əlində saxlamaqda israrlıdır. Halbuki, bu məsələ müharibədən əvvəl qlobal problem kimi gündəmdə deyildi və sonrakı dövrdə aktuallaşıb.

Şərhə görə, Donald Trampın açıqlamalarında boğazın İranın nəzarətində qalmasının onu narahat etmədiyini bildirsə də, faktiki addımlar bunun əksini göstərir. Hörmüz boğazında qeyri-sabitlik enerji daşıyıcılarının qiymətlərini artırır ki, bu da ABŞ daxilində sosial narazılığı gücləndirir.

Elxan Şahinoğlu əlavə edib ki, İslamabaddakı nəticəsizlik Pekin üçün də arzuolunan deyil. Çin ABŞ və İran arasında atəşkəsin əsas təşəbbüskarlarından biri olub. Pakistan və Çin tərəfindən irəli sürülən 5 maddəlik plandan yalnız atəşkəsin qəbul edilməsi mümkün olub. Lakin mövcud atəşkəsin də kövrək olduğu vurğulanır.

Analitik hesab edir ki, yeni mümkün qarşıdurma Çinin enerji təhlükəsizliyinə ciddi zərbə vura bilər. Bu baxımdan, mövcud vəziyyətin bəzi güclərin maraqlarına uyğun olduğu ehtimal edilir.

Şərhçi həmçinin ABŞ daxilindəki siyasi proseslərə də toxunub. Onun fikrincə, Donald Trampın vitse-prezidenti Ceyms Vensə qarşı atdığı addımlar diqqət çəkir. Vensin İslamabadda əsas tələbləri qəbul etdirməyə nail ola bilməməsi onun mövqeyini zəiflədib.

Bundan əlavə, Vensin Macarıstana göndərilərək Viktor Orbana açıq dəstək verməsi də siyasi baxımdan riskli addım kimi qiymətləndirilir. Elxan Şahinoğlunun sözlərinə görə, bu cür qərarlar gələcəkdə Vensin Respublikaçılar Partiyasından prezidentliyə namizədliyinə mənfi təsir göstərə bilər.

Vüsalə


media-adspc

Bənzər xəbərlər