Çindən kritik ADDIM – Çağırışlar ard-arda gəldi
ABŞ-İsrail və İran arasında davam edən münaqişə bölgədə gərginliyi artırarkən, Çin diplomatik həll üçün vasitəçiliyə başlayıb.
ERAmedia xəbər verir ki, Pekin hakimiyyəti qarşıdurmaları dayandırmaq və tərəflər arasında vasitəçilik etmək məqsədilə Yaxın Şərqə xüsusi nümayəndəsini göndərib.
Çin Xarici İşlər Nazirliyinin açıqlamasına görə, Yaxın Şərq üzrə xüsusi nümayəndə Zhai Jun bölgə ölkələri ilə əlaqələr quraraq münaqişənin dayandırılması və gərginliyin azaldılması üçün diplomatik təşəbbüslər həyata keçirəcək.
Çinli diplomatın əsasən İran, Körfəz ölkələri və digər Yaxın Şərq aktorları ilə görüşlər aparması gözlənilir. Zhai Junun bölgədəki görüşlərində xüsusilə münaqişənin yayılma riski, mümkün atəşkəs variantları və diplomatik kanalların yenidən açılması məsələlərinin müzakirə olunacağı bildirilir.
Pekin hakimiyyəti son günlərdə açıqlamalarında Yaxın Şərqdəki qarşıdurmaların sürətlə genişlənmə riski daşıdığını vurğulayıb. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Guo Jiakun bütün tərəflərə hərbi əməliyyatları dayandırmaq və gərginliyi azaltmaq çağırışı edərək “münaqişənin daha da yayılmasının qarşısı alınmalıdır” deyib.
Çin həmçinin, mülki şəxslərin qorunmasının beynəlxalq hüququn əsas prinsiplərindən biri olduğunu qeyd edərək, bölgədəki hücumların dərhal dayandırılmasının vacibliyini vurğulayıb. Pekin hakimiyyəti Yaxın Şərqdə davamlı sabitliyin yalnız diplomatiya və danışıqlar yolu ilə təmin edilə biləcəyini bildirir.
Son günlər Çin rəsmiləri tərəfindən edilən açıqlamalarda xüsusilə atəşkəs çağırışları ön plana çıxır. Çin tərəflərin dialoq kanallarını yenidən açmalı olduğunu və hərbi tədbirlərin problemi daha da dərinləşdirdiyini qeyd edir.
Çinin xarici işlər naziri Van İ isə Yaxın Şərqdəki münaqişənin nəzarətdən çıxmasının qlobal təhlükəsizlik üçün ciddi risklər yaradacağını bildirib. XİN rəhbəri bütün tərəflərə təmkinli olmağı tövsiyə edərək beynəlxalq ictimaiyyətin diplomatik həll üçün birgə hərəkət etməsinin vacib olduğunu söyləyib.
Analitiklər Çin təşəbbüsünü yalnız diplomatik addım kimi yox, həm də strateji bir hərəkət olaraq qiymətləndirir. Çünki Yaxın Şərqdəki sabitliksizlik qlobal enerji bazarlarına birbaşa təsir edir və Çin dünyanın ən böyük enerji idxalçılarından biri olaraq bölgədəki prosesləri yaxından izləyir.
Son illərdə Yaxın Şərqdə vasitəçilik rolunu artırmağa çalışan Çin 2023-cü ildə İran ilə Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin bərpasına da aracı olmuşdu. Ekspertlərə görə, Pekin hakimiyyəti ABŞ-İsrail və İran arasındakı münaqişənin daha geniş regional qarşıdurmaya çevrilməsinin qarşısını almaq üçün diplomatik təzyiqi artırmağı hədəfləyir.
Vural










