media-cd65953f636f7cd4596fda49f430ef4d-5bada32577c04b49f696bfca057731cb

ABŞ mənşəyinin Çin olduğu bildirilən zəhərli və təhlükəli qara qarışqa növünün görünməmiş istilası ilə üz-üzədir.

ERAmedia xəbər verir ki, ABŞ-də bəzi dairələrdə bu həşəratın yayılmasının ictimai sağlamlığı hədəf alan qəsdən Çin hücumu ola biləcəyinə dair iddialar da səslənməyə başlayıb.

ABŞ rəsmiləri zəhərli Asiya iynəqarışqasının ölkənin getdikcə daha geniş ərazilərinə yayılması səbəbindən həyəcan təbili çalır. Bildirilir ki, invaziv növ ictimai təhlükəsizlik üçün ciddi risk yaradır.

Britaniyanın “Daily Mail” qəzetinin yaydığı məlumata görə, təbii yaşayış arealı Çin olan bu qarışqaların sancması ciddi allergik reaksiyalara səbəb ola bilər və nadir hallarda ölümlə nəticələnə bilər.

Qəzetin yazdığına görə, bu invaziv növ ABŞ-də ilk dəfə 90 ildən çox əvvəl aşkarlanıb. Lakin son dövrdə populyasiyasının sürətlə artdığı və ən azı 20 ştata yayıldığı bildirilir.

“Asiya iynəqarışqası” kiçik və orta ölçülü növ kimi xarakterizə olunur. İşçi və kraliça qarışqaların uzunluğu təxminən 3 millimetrə çatır. Qarışqaların rəngi parlaq tünd qəhvəyidən qara rəngə qədər dəyişir, anten və ayaq uclarının isə açıq narıncı-qəhvəyi olduğu qeyd edilir.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu qarışqanın sancması sancılan nahiyədə saatlarla davam edən və vaxtaşırı təkrarlanan şiddətli ağrı yaradır. Bəzi hallarda insanlar ağrını yalnız sancılan nahiyədə deyil, bədənin digər hissələrində də hiss edir.

Məlumata əsasən, bəzi insanlarda Asiya iynəqarışqasının sancması həyati təhlükə yarada biləcək dərəcədə ciddi allergik reaksiyalara səbəb ola bilir.

Bu qarışqa növü əsasən daşların altındakı rütubətli ərazilərdə və ya çürümüş ağac kötüklərində yaşayır. Bununla yanaşı, bağlarda, qazonlarda, dibçəklərdə, odun yığınlarının altında və tikinti materialları arasında da rast gəlinir. Xüsusilə kötüklər, kərpiclər və plitələrin arasında gizləndiyi bildirilir.

Qarışqa son olaraq Texas ştatında aşkarlanıb. Rice Universitetinin Biologiya fakültəsinin dosenti Skott Eqan məsələ ilə bağlı açıqlamasında bildirib ki, bu yeni invaziv qarışqa növündən xəbərdar olmaqları vacibdir.

Vural


media-adspc

Bənzər xəbərlər