Çiyələkli dönər çılğınlığı: Uzun növbələr yarandı
Almaniyanın paytaxtı Berlin yaxınlığında satışa çıxarılan “çiyələkli dönər” sosial mediada böyük marağa səbəb olaraq yeni qida trendinə çevrilib.
ERAmedia xəbər verir ki, məhsulu hazırlayan şirkət çiyələkli dönəri Türkiyə mənşəli əhalinin sıx yaşadığı digər Almaniya şəhərlərinə də aparmağı planlaşdırır.
Çiyələkli dönər Berlinin qərbində yerləşən “Karl’s Erlebnis-Dorf” adlı əyləncə parkında hazırlanıb. Özünü “təcrübə kəndi” kimi təqdim edən parkda satışa çıxarılan məhsula böyük maraq göstərildiyi və uzun növbələrin yarandığı bildirilir.
Park rəhbərliyinin sözlərinə görə, məhsul klassik dönər kababın ədviyyatlı dadını təzə çiyələklə birləşdirir.
Menyuda toyuq, mal əti və vegetarian seçimlər yer alır. Dönərin tərkibinə çiyələk, salat və müəssisənin xüsusi sousu əlavə olunur.
Parkın “Facebook” səhifəsində paylaşılmış bir yazıda bildirilib:
“Bunu daha əvvəl görmüsünüzmü? Budur, unikal çiyələkli dönərimiz: parlaq qırmızı pide, yumşaq toyuq, ləzzətli mal əti və ya qril tərəvəzlərlə hazırlanan möhtəşəm vegetarian seçimimizlə bir araya gəlir. Üzərinə isə evdə hazırlanan çiyələk souslarımız əlavə olunur”.
“Türkiye Today”in məlumatına görə, məhsul ilk dəfə aprelin 5-də Brandenburq əyalətinin Elstal qəsəbəsində “Karl’s Erdbeerhof” tərəfindən idarə olunan yeni restoranda satışa çıxarılıb.
Çiyələkli dönər əyləncə parkının qeyri-adi qida konsepsiyasının yalnız bir hissəsidir. Burada üzərinə çiyələk əlavə edilən hamburgerlər, həmçinin “Burger Sirki” və “Kolbasa kəndi” kimi konsept restoranlar da fəaliyyət göstərir.
Parkda çiyələkli xardal, sabun və qəhvə kimi müxtəlif çiyələk məhsulları da satışa təqdim olunur.
“DW Türkçe”nin məlumatına görə, fəaliyyətə ilk olaraq çiyələk ferması kimi başlayan “Karl’s” əyləncə parkları şəbəkəsi son illərdə fərqli ideyalarla getdikcə genişlənib. Şirkət çiyələkli dönəri yaxın vaxtlarda Türkiyə mənşəli insanların sıx yaşadığı Ruhr bölgəsindəki Oberhauzen şəhərində yerləşən “Karl’s Təcrübə kəndi”ndə də satışa çıxaracaq.
Qeyd edək ki, çiyələkli dönər Almaniyada qeyri-adi dönər variantlarının ilk nümunəsi deyil. Berlində göbələk və trüf aromalı dönər təqdim edən restoranlar fəaliyyət göstərir. Ölkənin cənubundakı Karlsrue şəhərində isə ahtapotlu dönər də menyularda yer alır.










