Cümhuriyyətin baş nazirinin qızı necə bolşevik liderinin həyat yoldaşı oldu?
Azərbaycan tarixində Mirzə Davudla Tamara xanım Xoyskinin uğursuz nikahı qədər faciəli münasibətə çətin ki rast gəlinsin.
ERAmedia xəbər verir ki, sosial şəbəkə istifadəçisi Məcid Rəşadətoğlu paylaşımında Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri Fətəli xan Xoyskinin qızı Tamara xanımla bolşevik hakimiyyətinin tanınmış nümayəndələrindən Mirzə Davud Hüseynovun mürəkkəb və faciəli həyat hekayəsindən bəhs edib.
Məcid Rəşadətoğlu yazır ki, bir tərəfdə Cümhuriyyətə qarşı çıxan və kommunist ideologiyasına xidmət edən Mirzə Davud Hüseynov, digər tərəfdə isə atası sovet ideologiyasının qurbanına çevrilmiş, Cümhuriyyət ruhlu ailədə böyüyən Tamara Xoyski dayanırdı.
Azərbaycan Müvəqqəti Hərbi İnqilab Komitəsinin sədr müavini olan Mirzə Davud Hüseynov Aprel işğalından sonra devrilən Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri Fətəli xan Xoyskinin qızı Tamara xanımla ailə həyatı qurmuşdu.
Onların tanışlığı 1920-ci il iyunun 19-da Fətəli xan Xoyskinin Tiflisdə qətlə yetirilməsindən sonra baş verib. Həmin vaxt 18 yaşlı Tamara Xoyski atasının dəfnində iştirak etmək üçün Tiflisə getmək istəyib. Lakin Gürcüstan hələ sovet işğalına məruz qalmadığından səfər üçün rəsmi icazə və xarici pasport tələb olunurdu.
Tamara xanım bu məqsədlə yeni formalaşmaqda olan sovet idarələrinə müraciət edib və Azərbaycanın Müvəqqəti Hərbi İnqilab Komitəsinin sədr müavini, 26 yaşlı Mirzə Davud Hüseynovun qəbuluna düşüb. Hüseynov onun Tiflisə getməsi üçün zəruri sənədlərin alınmasına kömək göstərib.
Məhz bu görüş sonradan onların arasında münasibətlərin yaranmasına və ailə qurmasına gətirib çıxarıb. Mirzə Davud Hüseynovla Tamara Xoyski 17 il birlikdə yaşayıblar.
Lakin bu münasibətin sonrakı taleyi daha faciəli olub. İllər sonra hər iki şəxs Moskvada eyni gündə həbs edilərək eyni həbsxanaya aparılıb.
Mirzə Davud Hüseynov ölüm cəzasına məhkum edilərək güllələnib. Tamara xanım isə sürgünə göndərilib.
Məcid Rəşadətoğlu qeyd edir ki, həyatının uzun illərini həbsxana və sürgünlərdə keçirən Tamara Xoyski 1990-cı ildə Bakıda, tək-tənha yaşadığı birotaqlı mənzildə dünyasını dəyişib.
Beləliklə, Azərbaycan tarixinin ən ziddiyyətli ailə hekayələrindən biri həm siyasi qarşıdurmanın, həm də sovet repressiyalarının iki insanın şəxsi taleyini necə faciəyə çevirə bildiyini göstərən acı nümunə kimi yadda qalıb.









