Daha bir Avropa ölkəsi ABŞ və İsrailə qarşı çıxdı
Belçikanın müdafiə naziri Teo Franken ölkəsinin İranla bağlı mümkün qarşıdurmada ABŞ və İsrailə hərbi dəstək verməyəcəyini açıqlayıb.
ERAmedia xəbər verir ki, Belçikanın rəsmi xəbər agentliyi “Belga”nın məlumatına görə, federal parlamentin aşağı palatası olan Nümayəndələr Palatasının Müdafiə Komissiyası ABŞ, İsrail və İran arasında yaranmış gərginliyi müzakirə etmək üçün iclas keçirib.
İclas zamanı nazir Teo Franken parlament üzvlərinin “Belçikanın Yaxın Şərqdə müttəfiqlərinə dəstək verməyə hazırlaşdığı” barədə əvvəlki açıqlamaları ilə bağlı suallarını cavablandırıb.
Franken bildirib ki, Belçika hələlik rəsmi dəstək müraciəti almayıb, lakin belə bir müraciətin gələcəyi ehtimal olunur. Onun sözlərinə görə, İordaniya və ya Birləşmiş Ərəb Əmirlikləri kimi ölkələrdən beynəlxalq hüquqa uyğun müraciət daxil olarsa, Belçika buna cavab verməyə hazırdır.
Nazir əlavə edib ki, Belçika Avropa İttifaqının üzvü kimi müraciət olacağı halda Cənubi Kipr Rum Administrasiyasına da yardım göstərmək öhdəliyi daşıyır.
Teo Franken qeyd edib ki, bu ölkələrə göstərilə biləcək yardım ilə ABŞ və İsrailə yardım məsələsi fərqli mövzudur. O vurğulayıb ki, Vaşinqton və Təl-Əvivin İrana qarşı hücumları beynəlxalq hüquqa zidd hesab olunur.
Nazir bildirib ki, ABŞ və İsrailin hücumlarına qoşulmaq tamamilə başqa məsələdir və Belçika belə bir addım atmayacaq.
Qeyd edək ki, bundan əvvəl İspaniya da ABŞ və İsrailin İrana hücumlarına dəstək vermədiyini açıqlayıb.
Vural










