Daha bir erməni yalanı ifşa edildi - FOTO
Sosial şəbəkələrdə 1980-ci il Moskva Olimpiadasının açılış mərasimindən olduğu iddia edilən və Azərbaycan milli geyimi kimi təqdim olunan görüntülər ətrafında müzakirələr davam edir.
Tarix üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, yayılan kadrların Azərbaycan nümayəndə heyətinə aid olması ilə bağlı iddialar arxiv materialları ilə ziddiyyət təşkil edir.
Onun sözlərinə görə, 1980-ci il Moskva Olimpiadasının açılış mərasimində SSRİ-nin 15 respublikasının milli rəqs elementlərinin təqdim edildiyi “Xalqların dostluğu” adlı böyük rəqs süitası nümayiş olunub. Mərasimdə respublikaların çıxış ardıcıllığında Azərbaycan 9-cu, Ermənistan SSR isə 10-cu sırada yer alıb. Bu ardıcıllıq mövcud mərasim xronologiyalarında da göstərilir.
Zaur Əliyev qeyd edib ki, mübahisəyə səbəb olan kadrların geyim xüsusiyyətləri də onların hansı kollektivə aid olduğunu müəyyənləşdirmək baxımından mühüm göstəricidir.
“Azərbaycanı təmsil edən kollektivlərin həmin mərasim üçün hazırlanan geyimləri ilə bağlı arxiv materiallarına baxdıqda, kişi rəqqasların milli çuxa, şalvar və papaqla, qadınların isə Azərbaycan milli geyim ənənəsinə uyğun kostyumlarla təqdim edildiyini görmək mümkündür. Sosial şəbəkələrdə Azərbaycan geyimi kimi yayılan görüntülərdə isə tamam başqa geyim kompozisiyası görünür”, — deyə Əliyev bildirib.
Tarixçi vurğulayıb ki, xüsusilə kişilərin geyimindəki dar yaşıl şalvarlar, bənövşəyi rəngli qısa jiletlər və baş örtükləri diqqət çəkir. Onun fikrincə, bu elementlər Ermənistanın müxtəlif regional xalq geyimlərinin sovet səhnə folkloru çərçivəsində işlənmiş formaları ilə uyğunluq təşkil edir.
“Burada söhbət yalnız rənglərdən getmir. Geyimin bütöv kompozisiyası, baş örtükləri, jiletlər və rəqs hərəkətləri birlikdə nəzərdən keçirilməlidir. Bu xüsusiyyətlər həmin görüntülərin Ermənistan SSR-nin rəqs kollektivinin çıxışına aid olması ehtimalını ciddi şəkildə gücləndirir”, — Zaur Əliyev deyib.
O əlavə edib ki, RİA arxivindən yayımlanan 1980-ci il Moskva Olimpiadasının açılış mərasiminə aid fotolardan biri də “Xalqların dostluğu” rəqs süitasının Ermənistan hissəsini göstərir və arxiv kataloqunda Ermənistanın ənənəvi geyimi və erməni rəqsi ilə əlaqələndirilir.
Zaur Əliyevin sözlərinə görə, sosial şəbəkələrdə yayılan qısa videolarda əsas problem görüntünün özündən daha çox onun üzərinə yazılan izahdır.
“Arxiv görüntüsünün həqiqi olması onun üzərində yazılan məlumatın da doğru olması demək deyil. Əgər kadrın hansı hissədən götürüldüyü göstərilmirsə, videonun tam versiyasına baxmaq və çıxış ardıcıllığını müəyyənləşdirmək lazımdır”, — tarixçi bildirib.
Əliyev hesab edir ki, məsələni dəqiqləşdirməyin ən etibarlı yolu videonun kəsilməmiş variantına və dövrün arxiv materiallarına müraciət etməkdir. Onun fikrincə, tam görüntüdə Azərbaycan və Ermənistan kollektivlərinin çıxışlarının ardıcıllığı, eləcə də mərasim zamanı verilən titrlər kadrların mənşəyini müəyyənləşdirməyə imkan verir.
Tarixçi həmçinin rəqs hərəkətlərinə diqqət çəkib. Onun sözlərinə görə, yayılan görüntülərdəki hərəkətlər Azərbaycan yallı repertuarından fərqli xüsusiyyətlər nümayiş etdirir və Ermənistanın “Yarkhuşta” kimi tanınan xalq rəqslərinin səhnə elementləri ilə müqayisə oluna bilər.
“Azərbaycanın yallı ənənəsində rəqqasların bir xətt və ya yarımdairə formasında bir-birinə bağlanması, qol-qola və ya çiyin-çiyinə hərəkət etməsi mühüm xüsusiyyətdir. Buradakı hərəkətlərin xarakteri isə başqa folklor məktəbinə işarə edir”, — deyə Əliyev qeyd edib.
O bildirib ki, 1980-ci il Olimpiadasının açılış mərasimi adi bir folklor tədbiri olmayıb. Tədbirin bədii proqramında SSRİ-nin bütün respublikalarının folklor nümunələri vahid səhnə kompozisiyası daxilində təqdim edilib. Həmin dövrün mətbuatında da mərasimdə müxtəlif sovet respublikalarının rəqslərinin nümayiş etdirildiyi qeyd olunurdu.
Zaur Əliyev vurğulayıb ki, bu səbəbdən ayrı-ayrı saniyələrdən ibarət sosial media videoları əsasında tarixi nəticə çıxarmaq düzgün deyil.
“Belə məsələlərdə emosiyadan çox arxivə söykənmək lazımdır. Kadrın harada, nə vaxt və hansı kollektiv tərəfindən çəkildiyi müəyyənləşdirilməli, sonra onun üzərinə sonradan əlavə edilmiş mətn və musiqi ayrıca qiymətləndirilməlidir”, — tarixçi deyib.
Əliyevin fikrincə, 1980-ci il Moskva Olimpiadasının tam arxiv görüntülərinin müqayisəli şəkildə araşdırılması sosial şəbəkələrdə yayılan mübahisələrə daha dəqiq cavab verməyə imkan verə bilər.
Qeyd edək ki, 19 iyul 1980-ci ildə keçirilən açılış mərasimində “Xalqların dostluğu” adlı rəqs süitasında SSRİ-nin 15 respublikasının folklor rəqsləri təqdim olunub. Arxiv xronologiyalarına əsasən, Azərbaycan hissəsindən dərhal sonra Ermənistan hissəsi nümayiş etdirilib.
Mələk Onur










