media-17789367423674725704_1200x630

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və Daşkənd Oriental Universiteti ilə əməkdaşlıq çərçivəsində böyük Azərbaycan şairi və mütəfəkkiri Xaqani Şirvaninin “Xaqani Şirvanı adına Türkologiya Tədqiqatları Auditoriyası”nın açılışı keçirilib.

ERAmedia xəbər verir ki, Prezident İlham Əliyevin dahi şairin 900 illik yubileyinin qeyd olunmasına dair Sərəncamına uyğun olaraq keçirilən tədbirdə Türk və Şərq dünyasının mədəniyyət xadimləri, şairlər, yazıçılar, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru bildirib ki, Xaqani klassik Şərq poeziyasının və Azərbaycan ədəbiyyatının ən böyük sənətkarlarından biridir və “Töhfətül-İraqeyn” əsəri Azərbaycan ədəbiyyatında ilk poemalardan biri kimi qiymətləndirilir. Onun sözlərinə görə, auditoriyanın açılması yalnız simvolik əhəmiyyət daşımır, həm də tələbələr üçün Azərbaycan dili, ədəbiyyatı, tarixi və mədəniyyəti üzrə dərslərin və elmi müzakirələrin aparılacağı praktik tədris mühiti kimi fəaliyyət göstərəcək və eyni zamanda, birgə layihələr və ədəbi müzakirələr üçün açıq platforma rolunu oynayacaq.

Daşkənd Oriental Universitetin birinci prorektoru Baxtiyor Arabov çıxışında auditoriyanın yaradılmasının yalnız universitet üçün deyil, bütün Türk dünyası üçün əhəmiyyətini vurğulayıb. O bildirib ki, bu auditoriya həm Azərbaycanın zəngin mədəni irsinin öyrənilməsi, həm də Özbəkistan və Türk dünyası ilə qarşılıqlı humanitar və mədəni əlaqələrin genişləndirilməsi baxımından mühüm rol oynayacaq.

Xaqani Şirvanı adına Türkologiya auditoriyası həm tədris, həm də mədəni təqdimat məkanı kimi xüsusi zövqlə formalaşdırılıb. Auditoriyanın vizual tərtibatında Azərbaycan və Özbəkistan arasındakı dostluğu simvolizə edən prezident portretləri, dövlət bayraqları, Azərbaycanın xəritəsi, gerbi və himninin bədii təqdimatı xüsusi konseptual əhəmiyyət daşıyır.

Kitab rəflərində Azərbaycan ədəbiyyatı, tarixi, musiqisi və humanitar əlaqələrinə dair geniş tematik spektri əhatə edən nəşrlər, auditoriyada isə Azərbaycan mədəniyyətini simvolizə edən dekorativ-tətbiqi sənət nümunələri və xatirə suvenirlər yer alıb. Azərbaycan musiqi ənənəsini yaşadan tar, kamança və qaval kimi milli alətlər auditoriyanın mədəni təqdimatını daha da zənginləşdirərək məkanı tələbələr üçün həm mənəvi, həm də maarifləndirici bir mərkəzə çevirir.

Yeni tədris və mədəniyyət məkanı, həmçinin Azərbaycan-Özbəkistan dostluğunu, qardaşlığını və humanitar əməkdaşlığı gücləndirəcək, iki ölkə arasında davamlı mədəni əlaqələrin inkişafına töhfə verəcək.

media-1778936742197227449_1200x630


media-adspc

Bənzər xəbərlər