Davosdan dünyaya verilən mesaj - ŞƏRH

Elgün RÜSTƏMLİLƏR,
Davos Ümumdünya İqtisadi Forumunda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel müzakirədə Prezident cənab İlham Əliyevin regional və qlobal proseslərə dair peşəkar baxışlarını aydın şəkildə panel müzakirə iştirakçılarına təqdim etdi. Bu çıxış təkcə iqtisadi perspektivlərə deyil, həm də postmünaqişə dövründə Cənubi Qafqazın yeni siyasi-iqtisadi arxitekturasına dair konseptual çərçivənin spektrlərini dolğun ifadə etməsi ilə diqqət çəkirdi.
Cənubi Qafqazın lider dövlətinin rəhbərinin çıxışında əsas xətt ondan ibarət idi ki, sülh xarici vasitəçiliklə deyil, birbaşa siyasi iradə nəticəsində əldə oluna bilər. Bu yanaşma ən yaxın dövrdə Ermənistanla 44 günlük müharibənin nəticəsi olaraq imzalanan sülh sazişinin qısa müddət ərzində paraflanması ilə, eləcə də 30 ildən artıq davam etmiş qarşıdurmadan sonra əməkdaşlıq mərhələsinə keçidlə öz təsdiqini tapdı. Prezident İlham Əliyevin verdiyi əsas mesaj ondan ibarət idi ki, Azərbaycan münaqişəni bitirməklə kifayətlənməyib, onu praktiki iqtisadi əməkdaşlığa çevirə bilib və bu, ən dərin konfliktlərin tarixə çevrilməsi, ləyaqətli dayanıqlı sülhün əldə olunması üçün siyasi iradənin mövcudluğunu şərtləndirir. Hər bir sülhün dayanıqlılığı üçün onun nəticələrinin postmünaqişə tərəflərinin iqtisadi devidentlərinin göstəricilərində əks olunması azəhəmiyyətli məsələ deyil. Azərbaycan tərəfinin iki ölkə arasındakı kommunikasiya vasitələrinin birtərəfli qaydada açılması fonunda Azərbaycanın Ermənistana ixrac etdiyi neft məhsulları Ermənistanda benzin və dizelin qiymətinin kəksin düşməsinə səbəb olması bu ölkə ictimaiyyətində ən çox müzakirə predmetlərindəndir.
Diqqətçəkən məqamlardan biri Prezidentin beynəlxalq institutlara münasibətdə səsləndirdiyi açıq və realistik yanaşmasıdır. O, açıq şəkildə vurğuladı ki, beynəlxalq qətnamələr və vasitəçilik mexanizmləri illərlə nəticə vermədiyi halda, Azərbaycan öz suveren qərarları ilə yaranmış situasiyanın dəyişirilməsinə nail oldu. Bu yanaşma Azərbaycanın gələcək xarici siyasət xəttinin də əsas prinsipini göstərir: biz artıq- milli maraqları, siyasi və iqtisadi suverenliyi özümüzə prioritet kimi qəbul edəcəyik.
Prezident İlham Əliyev Avrasiyanı abstrakt bir coğrafiya kimi deyil, konkret nəqliyyat, enerji və ticarət bağlantıları üzərindən formalaşan bir məkan kimi təqdim etdi. Orta Dəhliz, TRIPP layihəsi, Xəzərdən Avropaya uzanan marşrutlar Azərbaycanın artıq proseslərin kənarında deyil, mərkəzində yer aldığını göstərir.
Azərbaycan Prezidentin tutduğu iqtisadi yol, ölkəmizi qısa zamanda beynəlxal kommunikasiya qovşağına çevirəcək, marşurutların çoxluğu isə regiona uzunmüddətli fayda və sabitlik gətirəcək.
Çıxışda Ermənistanla bağlı nikbin ton təsadüfi deyildi. Ölkəmizin lideri sülhün davamlılığını emosional ritorika ilə deyil, konkret nəticələrlə – yükdaşımalar, enerji təchizatı, açılan dəhlizlər vasitəsilə əsaslandırırdı. Bu isə həm region ölkələrinə, həm də beynəlxalq investor dairələrinə ünvanlanan açıq mesaj idi: Cənubi Qafqaz risk zonası deyil, formalaşan imkanlar məkanıdır.
Nəticə etibarilə, Davos çıxışı göstərdi ki, Azərbaycan Avrasiyada öz rolunu passiv tranzit ölkə kimi deyil, şərtləri formalaşdıran, gündəmi müəyyən edən aktor kimi görür. Prezident İlham Əliyevin mesajı sadə, amma stratejidir: sülh, bağlantı və suveren qərarlar üzərində qurulan model uzunmüddətli sabitliyin yeganə real yoludur.









