Dədə Ələsgər Ocağı İB-nin iclası olub

Dədə Ələsgər Ocağı İctimai Birliyinin İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda təşkilatın cari fəaliyyəti təhlil olunub, qarşıdakı dövr üçün prioritetlər və görüləcək işlər müzakirə edilib.
ERAmedia xəbər verir ki, birliyin sədri Xətai Ələsgərli 2025-ci ilin məhsuldar və uğurlu keçdiyini bildirib. O, 2026-cı ildə fəaliyyətin əsas istiqamətinin Dədə Ələsgərin vəfatının 100 illiyi ilə bağlı tədbirlərin təşkili olacağını vurğulayıb. Qeyd olunub ki, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının təşəbbüsü və dəstəyi ilə Aşıq Ələsgərin vəfatının 100-cü ildönümü UNESCO-nun 2026–2027-ci illər üzrə qeyd ediləcək tədbirlər proqramına daxil edilib.
İctimai Birliyin üzvlərinin yeni il üçün tövsiyə və təklifləri dinlənilib, Aşıq Ələsgər irsinin ölkə daxilində və beynəlxalq səviyyədə təbliği, yubiley tədbirlərinin təşkili, bu istiqamətdə həyata keçiriləcək mədəni, elmi və maarifləndirici layihələr ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrin sonunda səsləndirilən təkliflər səs çoxluğu ilə qəbul edilərək 2026-cı il üzrə fəaliyyət planına daxil edilib.
Dədə Ələsgər Ocağı İctimai Birliyi Azərbaycan aşıq poeziyasının, xüsusilə Dədə Ələsgər irsinin qorunması, yaşadılması və dünya miqyasında tanıdılması istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirəcək.
Əli Fərhad









