Deputat: “Avropada Azərbaycana qarşı ikili standartlar davam edir”
Prezident İlham Əliyev Avropa çempionatında komanda hesabında çempion olan güləşçiləri qəbul edib və çıxışında Avropa yarışlarında Azərbaycan idmançılarına qarşı ədalətsizliyin müşahidə olunduğunu bildirib.
ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bu məsələ ilə bağlı açıqlamasında ikili yanaşmanın təkcə idmanda deyil, siyasətdə də özünü göstərdiyini vurğulayıb.
Deputat qeyd edib ki, Avropa Parlamentində müzakirəyə çıxarılan “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adlı qətnamə layihəsi formal olaraq Ermənistana dəstək kimi təqdim olunsa da, sənəddə Azərbaycana qarşı əsassız ittihamlar və tələblər yer alıb. Onun sözlərinə görə, bu cür yanaşmalar Qərbdə bəzi dairələrin ölkəmizə qarşı qərəzli mövqeyindən xəbər verir.
Vüqar Bayramov bildirib ki, buna baxmayaraq Avropada Azərbaycanın dostları da kifayət qədərdir və son dövrlərdə həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər bunu bir daha təsdiqləyir. Deputat əlavə edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və TAP kəməri vasitəsilə qitəyə 57 milyard kubmetrdən çox qaz nəql edilib.
O vurğulayıb ki, bəzi dairələrin qərəzli və ikili standartlara əsaslanan yanaşmalarına baxmayaraq, Azərbaycan həm idmanda, həm siyasətdə, həm də iqtisadi sahədə inkişafını davam etdirir və öz müstəqil inkişaf yolunu uğurla müəyyənləşdirir.
Vural









