Deputat: Azərbaycan İtaliyanın regionda əsas tərəfdaşıdır
Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Nazirlər Şurasının sədri Giorgia Meloninin mətbuata bəyanatlarında iki ölkə arasındakı strateji tərəfdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib.
ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, İtaliya Azərbaycanın ən böyük ticarət tərəfdaşı olaraq qalır.
Deputatın sözlərinə görə, 2025-ci ildə Azərbaycanın ümumi ticarət dövriyyəsinin 24 faizi İtaliyanın payına düşüb. Eyni zamanda, ixrac olunan məhsulların 45,3 faizi bu ölkəyə göndərilib. Bu isə o deməkdir ki, Azərbaycanın ixrac etdiyi hər 100 dollarlıq məhsulun təxminən 45 dolları İtaliya bazarına yönəlir.
Vüqar Bayramov qeyd edib ki, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 faiz artaraq 11 milyard 390 milyon dollardan 11 milyard 860 milyon dollara yüksəlib. Bu dövrdə Azərbaycanın İtaliya ilə ticarətində 10 milyard 824 milyon dollarlıq müsbət saldo formalaşıb.
Deputat vurğulayıb ki, Azərbaycan eyni zamanda İtaliyanın Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Belə ki, İtaliyanın region ölkələri ilə ticarət dövriyyəsinin 93 faizi Azərbaycanın payına düşür. Müqayisə üçün, ötən il İtaliyanın Ermənistanla ticarət dövriyyəsi 453 milyon, Gürcüstanla isə 442 milyon dollar olub.
Deputat əlavə edib ki, son illərdə qarşılıqlı sərmayə qoyuluşlarında da artım müşahidə olunur. Azərbaycan son bir neçə ildə İtaliya iqtisadiyyatına təxminən 3 milyard dollar sərmayə yatırıb. Bu dinamika strateji tərəfdaşlığın yalnız sənədlərdə deyil, real iqtisadi əməkdaşlıqda da öz təsdiqini tapdığını göstərir.
Vüqar Bayramovun fikrincə, növbəti mərhələdə qeyri-neft-qaz sektorunda əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdən biri olacaq. Onun sözlərinə görə, iki ölkə arasında formalaşan səmimi və strateji münasibətlər birgə layihələrin icrası üçün geniş imkanlar yaradır.
Deputat hesab edir ki, İtaliya hökumət başçısının Azərbaycana səfəri bu münasibətlərin daha da dərinləşməsinə və iqtisadi əlaqələrin genişlənməsinə mühüm töhfə verəcək.
Vural









