Deputat: “Azərbaycan türk dünyasına dəstək verən və yol göstərən dövlətdir”
Oktyabrın 3-ü Ulu Öndər Heydər Əliyevin ilk dəfə Prezident seçildiyi gün olmaqla yanaşı, Türk Dövlətlərinin Əməkdaşlığı Günü kimi də xüsusi rəmzi məna daşıyır.
ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Sahib Alıyev bildirib ki, XX əsrdə heç bir lider türk dünyası qarşısında Heydər Əliyev qədər böyük xidmətlər göstərməyib.
Deputat qeyd edib ki, Heydər Əliyevin böyük risklər hesabına reallaşdırdığı neft-qaz strategiyası yalnız Azərbaycanın deyil, bütövlükdə türk dünyasının geosiyasi və iqtisadi imkanlarının genişlənməsində mühüm rol oynayıb:
“Sadəcə bir faktı qeyd etmək kifayətdir. Əgər böyük risklərə gedərək Heydər Əliyevin reallaşdırdığı neft və qaz strategiyası olmasaydı, Xəzərin karbohidrogen ehtiyatları məhz Türkiyədən keçməklə alternativ yolla dünya bazarına çıxarılmasaydı, türk dünyası indiki kimi görünəcəkdimi?”
Sahib Alıyev vurğulayıb ki, son dövrlərədək əhəmiyyətli qaz və neft yataqları olmayan Türkiyənin enerji habı funksiyasını yerinə yetirməsi nəticəsində qardaş ölkə dünya miqyasında mühüm enerji oyunçusuna çevrilib:
“Türkiyə diqtə olunan dövlətdən diqtə edən dövlətə çevrilib. Azərbaycanın transmilli şirkətləri Xəzər hövzəsinə cəlb etməsi, alternativ kəmərlərin çəkilməsi digər türk dövlətlərinə də öz karbohidrogen ehtiyatlarından daha səmərəli istifadə etmək və onları əvvəlkindən xeyli yüksək qiymətə dünya bazarına çıxarmaq imkanı yaradıb”.
Deputatın sözlərinə görə, məhz bu baxımdan Heydər Əliyevin yaratdığı strateji xətt türk dövlətlərinin müstəqillik potensialının güclənməsinə də böyük töhfə verib.
“Çevriliş və sui-qəsd cəhdləri ilə üzləşən Heydər Əliyevin açdığı cığır təkcə Azərbaycanın deyil, bütövlükdə türk dünyasının gələcəyi baxımından tarixi əhəmiyyət daşıyır. Bu siyasət həmin dövlətlərin iqtisadi və siyasi müstəqillik imkanlarının artmasına böyük töhfə verdi”, – deyə Sahib Alıyev qeyd edib.
Sahib Alıyev Yeni Azərbaycan Partiyasının qurultayında Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə də diqqət çəkib. O bildirib ki, çağdaş dövrün reallıqları nəzərə alınmaqla Heydər Əliyev siyasəti bu gün də uğurla davam etdirilir.
“Cənab İlham Əliyevin ‘bizim ailəmiz türk dünyasıdır, başqa ailəmiz yoxdur’ sözləri də elə bunun təsdiqi deyilmi? Türk dövlətlərinin başçıları arasında bu sözü məhz türk dünyası qarşısında böyük xidmətləri olmuş bir nəhəngin davamçısı deyə bilərdi. Özü də nə vaxt? Ölkəsi bütün çətinliklərə təkbaşına sinə gərdikdən, yırtıcı güclərin istəməməsinə rəğmən torpaqlarını işğaldan azad etdikdən, belini tam dikəltdikdən sonra”, – deyə deputat vurğulayıb.
Sahib Alıyev hesab edir ki, “bizim ailəmiz türk dünyasıdır” ifadəsi türk dünyasından kömək ummaq deyil, əksinə, ona dəstək verməyə hazır olmağın ifadəsidir.
“Belədə ‘bizim ailəmiz türk dünyasıdır’ deməklə o dünyadan kömək umduğumuz yox, dəstək verməyə hazır olduğumuz vurğulanır və veririk də. Qoy qardaşlığımız sarsılmaz, Azərbaycanımız güclü, yolaçan və dəstəkverən, Ulu Öndərin ruhu isə şad olsun!” – deyə Milli Məclisin deputatı bildirib.
Vural










