Deputat: Azərbaycanın müstəqil siyasəti milli qürur mənbəyimizdir
18 oktyabr 1991-ci ildə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə ölkəmizin müstəqilliyinin bərpası və Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisliyi rəsmən təsbit olunub.
ERAmedia-nın məlumatına görə, Milli Məclisin deputatı Sahib Alıyev bu barədə açıqlamasında Azərbaycanın hazırda heç vaxt olmadığı qədər müstəqil və suveren siyasət apardığını bildirib.
Deputat qeyd edib ki, bu reallığın yaranmasında böyük əməyi olanlarla yanaşı, canlarından keçən şəhidlər də var:
“Canından keçənlər şəhidlərimizdir, qoy ruhları əbədi şad olsun! Əməyi keçənlər qazilərimiz, eləcə də müstəqilliyin, suverenliyin necə böyük nemət olduğunu yaxşı dərk edən və ona təhdidlər görəndə haradan gəlir-gəlsin susmayan, qarşısını almaq üçün mücadilədən çəkinməyənlərdir”.
Sahib Alıyev vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin ifadə etdiyi kimi, qorunması qazanılmasından qat-qat çətin olan müstəqilliyin məsuliyyətini bu gün Prezident İlham Əliyev daşıyır.
“Böyük Heydər Əliyevin təbirincə desək, qorunması qazanılmasından qat-qat çətin olan müstəqilliyin bütün ağırlığını hazırda çiynində çəkən, onun məsuliyyətini daşıyan isə bir nəfərdir, o da Ulu Öndərin davamçısı, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevdir!” – deyə deputat bildirib.
Onun sözlərinə görə, Prezidentə qarşı təşkil olunan kampaniyaların arxasında Azərbaycanın müstəqil və suveren siyasəti ilə bağlı amillər dayanır.
Deputat bu fikri belə ifadə edib: “Amma o, ‘Dəmir Yumruqlu’ qaya adamdır. Yel isə qayadan heç nə apara bilməz!”
Sahib Alıyev əlavə edib ki, hər bir vətəndaşın müqəddəs borcu müstəqilliyə və suverenliyə qarşı yönələn təhdidlərə qarşı mövqe nümayiş etdirməkdir. O, bu məsuliyyətin yalnız ölkə daxilində yaşayan azərbaycanlılara deyil, milli kimliyini və ana dilini qorumaq uğrunda mübarizə aparan bütün soydaşlarımıza aid olduğunu vurğulayıb.
Deputat müstəqilliyin bərpasının ildönümü münasibətilə bütün soydaşlarını, o cümlədən Arazın o tayında doğma dildə təhsil almaq uğrunda mübarizə aparan azərbaycanlıları, İraq və Suriyada yaşayan, “türkmən” adlandırılan soydaşlarımızı təbrik edib.
Mələk Onur










