Deputat: Azərbaycanın tranzit potensialı yeni iqtisadi imkanlar açır
Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunda çıxış edən Prezident İlham Əliyev Azərbaycanın nəqliyyat və logistika imkanlarının daha da genişləndirilməsi istiqamətində həyata keçirilən layihələrin ölkənin strateji əhəmiyyətini artıracağını bildirib.
ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov Prezident İlham Əliyevin forum zamanı səsləndirdiyi fikirləri şərh edərək qeyd edib ki, Azərbaycanın son illərdə həyata keçirdiyi məqsədyönlü siyasət ölkəni regionun əsas nəqliyyat və logistika mərkəzlərindən birinə çevirib. Deputatın sözlərinə görə, dövlət başçısının vurğuladığı kimi, Xəzər dənizində yerləşən və hazırda 15 milyon ton yükaşırma gücünə malik olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürücülük qabiliyyətinin 25 milyon tona çatdırılması ölkənin tranzit imkanlarını daha da genişləndirəcək.
Vüqar Bayramov bildirib ki, beynəlxalq yükdaşımaların artması Azərbaycanın həm geosiyasi mövqeyini gücləndirir, həm də dövlət büdcəsinə əlavə gəlirlər qazandırır. Onun sözlərinə görə, yaxın perspektivdə 15 milyon ton ötürmə potensialına malik olacaq Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevrilərək Azərbaycanın strateji əhəmiyyətini daha da artıracaq, eyni zamanda region ölkələrinin iqtisadi gəlirlərinə müsbət təsir göstərəcək.
Deputat rəsmi statistikaya istinad edərək bildirib ki, 2025-ci ildə dəmir yolu nəqliyyatı ilə daşınan 16 milyon 813 min ton yükün 14 milyon 269 min tonu beynəlxalq yükdaşımaların payına düşüb. Bu həcmin 6 milyon 695 min tonu tranzit, 4 milyon 723 min tonu idxal, 2 milyon 850 min tonu isə ixrac yükləri olub. Dəmir yolu ilə yükdaşımadan əldə edilən 383 milyon 996 min manat gəlirin 333 milyon 911 min manatı beynəlxalq yükdaşımalar hesabına formalaşıb.
Vüqar Bayramov qeyd edib ki, ötən il hava nəqliyyatı vasitəsilə yükdaşımadan əldə olunan gəlir 2 milyard 398 milyon manat təşkil edib və bunun 2 milyard 397 milyon manatı beynəlxalq yükdaşımaların payına düşüb. Bundan əlavə, dəniz nəqliyyatı üzrə 57 milyon 382 min manat, boru kəmərləri ilə daşımalar üzrə 266 milyon 560 min manat, avtomobil nəqliyyatı üzrə isə 204 milyon 275 min manat gəlir əldə olunub.
Deputatın sözlərinə görə, cari ilin ilk rübünün nəticələri də müsbət dinamikanın davam etdiyini göstərir. Belə ki, yanvar-mart aylarında dəmir yolu ilə yükdaşımadan əldə edilən 96 milyon 49 min manat gəlirin 81 milyon 765 min manatı beynəlxalq yükdaşımaların payına düşüb. Hava nəqliyyatı ilə yükdaşımadan əldə edilən 571 milyon 292 min manat gəlirin isə 571 milyon 50 min manatı beynəlxalq daşımalar hesabına formalaşıb.
Vüqar Bayramov vurğulayıb ki, rəsmi məlumatlara əsasən, 2025-ci ildə beynəlxalq yükdaşımalar Azərbaycana ümumilikdə təxminən 3,3 milyard manat gəlir qazandırıb. Onun fikrincə, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi hədəflərin reallaşdırılması nəticəsində bu göstəricinin orta perspektivdə 7 milyard manata yaxınlaşması mümkündür. Deputat hesab edir ki, bu, iqtisadiyyatın şaxələndirilməsini sürətləndirəcək, qeyri-neft sektorunun inkişafına əlavə töhfə verəcək və dövlət gəlirlərinin davamlı artımını təmin edəcək.
Vüsalə










