Deputat bu şəxslərin azadlığa buraxılmasını təklif etdi
“Bu gün müzakirə etdiyimiz məsələ təkcə hüquqi akt deyil, insan talelərinə toxunan, dövlətin böyüklüyünü və mərhəmətini nümayiş etdirən tarixi bir addımdır. Cənab Prezidentin 20 min nəfəri əhatə edən Amnistiya aktını Milli Məclisə təqdim etməsi Azərbaycan dövlətçiliyinin humanist ruhunun, güclü ədalət və vicdan anlayışının parlaq təzahürüdür”.
ERAmedia xəbər verir ki, bunu bunu Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bugünkü plenar iclasında “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin qərarın layihəsinin müzakirəsi zamanı deyib.
Deputat vurğulayıb ki, əfv və amnistiya zəifliyin deyil, gücün göstəricisidir.
“Güclü dövlət bağışlamağı bacaran dövlətdir. Bu təşəbbüs cəmiyyətə açıq mesaj verir: Azərbaycan dövləti insanı itirmir, insanı yenidən qazanmağa çalışır.
Xüsusilə vurğulamaq istəyirəm ki, bu amnistiya aktı çərçivəsində Vətən qarşısında misilsiz xidmətləri olmuş insanların taleyinə xüsusi həssaslıqla yanaşılması son dərəcə vacibdir. Söhbət bir zamanlar silahı əlinə alaraq bu torpağı qoruyan, sağlamlığını, gəncliyini, ailə səadətini vətənə qurban vermiş insanlardan gedir”, – deyə o əlavə edib.
R.Nurullayev aşağıdakı təşkilatların və rəhbərlərinin vətən qarşısında xidmətlərinin nəzərə alınaraq əfv fərmanına salınması ilə bağlı müraciətin dəstəklənməsini xahiş edib:
“Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi, Şəhid Ailələri, Əlilləri və Müharibə Veteranlarının Müdafiəsi İctimai Birliyi, Qarabağ Əlillərinə Qayğı İctimai Birliyi, “Beynəlmiləlçi Əlil Döyüşçülər” Fondu və Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı”.
Deputat qeyd edib ki, bu təşkilatlar və rəhbərləri hazırda istintaq altındadır:
“Bu insanlar dövlətin yükü deyil, dövlətin şərəfidir. Onlar bir vaxtlar dövlət üçün ayağa qalxdılar, bu gün isə dövlətin mərhəmətinə ümid edirlər. Onların həyatında veriləcək bu qərar təkcə hüquqi nəticə yaratmayacaq — ailələrə ümid, övladlara gələcək, cəmiyyətə müsbət mesaj verəcək. Hər kəs səhv edir, vacib olan dəyərlərdən biri səhvi anlayıb düzgün yola qayıtmaqdır.
Əminəm ki, bu Amnistiya aktı Azərbaycan dövlətinin mərhəmət siyasətinin, sosial ədalət anlayışının və milli birliyin növbəti nümunəsi olacaq. Möhtərəm Prezidentin bu təşəbbüsünü tam dəstəkləyir, onun əhatə dairəsinin vətən yolunda iz qoymuş insanlarımızı, müxalifət nümayəndələrini və jurnalistləri də içinə almasını arzu edirik.
Çünki Azərbaycan dövləti unutmayan, qiymət bilən və bağışlamağı bacaran dövlətdir”.
Vural Həsənoğlu










