media-whatsapp-image-2026-07-27-at-11-29-43

Cəhalətin yalnız dini inanclarla bağlı olmadığını, tarix şüuru, sosial narazılıq və siyasi düşüncənin də cahillik üzərində formalaşdığı halda bunun cəmiyyət üçün ciddi təhlükəyə çevrildiyini vurğulanıb.

ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Azərbaycanda din adı ilə yaşadılan bir çox adət və ritualların Qurani-Kərimlə birbaşa əlaqəsi yoxdur və yüzillərdir formalaşmış xurafat, mövhumat və cəhalət dini düşüncəyə ciddi təsir göstərməkdədir.

Deputatın sözlərinə görə, cəmiyyətin müəyyən hissəsində hələ də pirlər, nəzirlər, müxtəlif rituallar və insanları bütləşdirməyə əsaslanan yanaşmalar üstünlük təşkil edir. O qeyd edib ki, dünyəvi dövlətin imkanlarından istifadə edən, lakin yarımçıq və ideoloji savada malik şəxslər arasında da xurafat meylləri müşahidə olunur.

Fazil Mustafa bildirib ki, Azərbaycanın müasir düşüncə sisteminin formalaşmasında Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Mirzə Cəlil Məmmədquluzadə, Əhməd bəy Ağaoğlu, Məhəmməd Əmin Rəsulzadə kimi aydınların müstəsna xidmətləri olub. Onun fikrincə, bu şəxsiyyətlərin cəmiyyəti cəhalətdən çıxarmaq və çağdaş dəyərlərə yönəltmək missiyası bu gün unudulmağa başlayıb, bəzi media resurslarında isə əksinə, onların mübarizə apardıqları köhnə düşüncə tərzi təbliğ edilir.

Deputat vurğulayıb ki, Azərbaycan tarixində modern teatrın, yeni əlifba ideyasının, müasir mətbuatın, milli dövlətçilik düşüncəsinin və dünyəvi fəlsəfi baxışların inkişafı məhz maarifçi aydınların fəaliyyəti nəticəsində mümkün olub. O bildirib ki, həmin tarixi gerçəkliklərin kölgəyə salınması və xurafatın yenidən dəyər kimi təqdim edilməsi ciddi narahatlıq doğurur.

Fazil Mustafa qeyd edib ki, bəzi şəxslər müasir dəyərlər əvəzinə dini və ideoloji bütləri ön plana çıxarmağa çalışır, milli dövlətçilik ənənələrini və Respublika ideyasını gözdən salmağa cəhd göstərirlər. Onun sözlərinə görə, bu cür yanaşmalar cəmiyyətin inkişafına xidmət etmir və çağdaş Azərbaycan dövlətçiliyinə zərbə vurur.

Deputat hesab edir ki, Konstitusiyada təsbit olunmuş dünyəvi və unitar dövlət prinsipləri qorunmalı, saxta din, tarix və millət qoruyucuları adı altında çıxış edənlərin təsirinə qarşı mübarizə aparılmalıdır.

Fazil Mustafa bildirib ki, müsəlmanların əsas istinad mənbəyi Qurani-Kərim olmalıdır və din adı altında sonradan formalaşmış uydurmaların inancın əsası kimi qəbul edilməsi doğru deyil. O əlavə edib ki, dinin mənbəyinə qayıdışa mane olan basqılar gələcəkdə də yeni xurafatların yayılmasına şərait yaradır.

Deputat vurğulayıb ki, Azərbaycan türkləri ölkədə yaşayan talışlar, ləzgilər, kürdlər, tatlar və digər xalqlarla birlikdə müstəqil dövlət qurublar və bu dövlət yalnız daxili məsuliyyətsizlik nəticəsində zəifləyə bilər. Onun fikrincə, cəmiyyət öz boşluqlarını, tarixi yanlışlarını və məişət problemlərini açıq müzakirə etməli, onları aradan qaldırmağa çalışmalıdır.

Fazil Mustafa bildirib ki, hansı formada olursa-olsun cəhaləti və xurafatı təbliğ edən şəxslər xalqa ən böyük zərəri vururlar. O qeyd edib ki, həmin şəxslər peşəkar mütəxəssis olsalar belə, bu məsələdə səsləndirdikləri fikirlər ictimai etibarını itirir.

Deputat çıxışında “çoban məsuliyyəti” anlayışına da toxunaraq bildirib ki, cəmiyyəti irəli aparan əsas qüvvə həqiqəti deməkdən çəkinməyən, kütlənin yanlış düşüncəsinə uyğunlaşmayan insanlardır. Onun sözlərinə görə, Azərbaycanın maarifçi aydınları məhz bu məsuliyyət hissi ilə yeni dövrün düşüncəsini formalaşdırıblar.

Fazil Mustafa qeyd edib ki, bəzi xarici təsirlərin geosiyasi maraqları sosial narazılıq, məzhəb təəssübkeşliyi və feodal düşüncəsinin təbliği vasitəsilə Azərbaycana yönəldilir. O bildirib ki, sosial şəbəkələrdə milli, dünyəvi və çağdaş dəyərləri müdafiə edən aydınlara qarşı aparılan kampaniyalar da bu prosesin tərkib hissəsidir.

Deputat sonda vurğulayıb ki, Azərbaycanın inkişaf yolu Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Mirzə Cəlil Məmmədquluzadə, Əhməd bəy Ağaoğlu və Məhəmməd Əmin Rəsulzadənin ideyalarından keçir. Onun sözlərinə görə, çağdaş dünyəvi Azərbaycan dövləti ən böyük milli dəyərdir və cəmiyyət həm milli dövlətçiliyə, həm də Qurani-Kərimin əsas prinsiplərinə söykənən sağlam düşüncəyə sadiq qalmalıdır.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər