Deputat: “Cəmiyyət onları tanımalı və dəyərini anlamalıdır”
Milli Məclisin deputatı Fazil Mustafa Türkiyənin tanınmış tarixçisi İlber Ortaylı ilə bağlı xatirələrini və alimlərin cəmiyyətdəki rolu barədə fikirlərini bölüşüb.
ERAmedia-nın məlumatına görə, Fazil Mustafa bildirib ki, onun İlber Ortaylı ilə ilk tanışlığı 1996-cı ilə təsadüf edir.
Deputatın sözlərinə görə, həmin dövrdə Türkiyədə təhsil alan tələbələrdən biri onların görüşünü təşkil edib və Ankarada universitet kafedralarından birində yarım saatlıq söhbət baş tutub. O qeyd edib ki, həmin vaxt mərhum Azərbaycan prezidenti Əbülfəz Elçibəyin Türkiyədə özəl təmsilçisi kimi Ankarada yaşayırdı.
Fazil Mustafa İlber Ortaylının maraqlı danışıq üslubu və geniş dil biliyi ilə seçildiyini vurğulayıb. Onun sözlərinə görə, tarixçinin bir neçə dili bilməsi və zəngin tədqiqat təcrübəsi elmi fəaliyyətinin əsas xüsusiyyətlərindən biri idi.
Deputat qeyd edib ki, Ortaylı Türkiyənin son dövrlərdə ən diqqətçəkən və ekzotik aydınlarından biri kimi tanınırdı və əsərləri ilə tanış olan oxucu dərhal böyük informasiya yükü ilə qarşılaşırdı.
“Onun baxışları bəzən mübahisəli olsa da, ən mühüm xüsusiyyətlərindən biri səyahət mədəniyyətinə xüsusi önəm verməsi idi. O, daim səyahət edir, insanlarla ünsiyyət qurur və müşahidələrini yazıya köçürürdü”, – deyə o bildirib.
Deputat qeyd edib ki, İlber Ortaylı televiziya proqramlarında və konfranslarda fəal iştirak edərək özünü tanıtmaq imkanlarından səmərəli istifadə edib və bu da onun geniş auditoriyada məşhurlaşmasına səbəb olub. Onun sözlərinə görə, tarixçi Azərbaycanda da gözlənildiyindən daha çox tanınırdı.
Fazil Mustafa eyni zamanda Türkiyənin başqa tanınmış alimlərini də xatırladıb. O bildirib ki, məsələn, Cəlal Şengörün bilik səviyyəsi və cəsarətli sosioloji tezisləri də xüsusi maraq doğurur. Deputat xüsusilə alimə məxsus “Bilgi ilə söhbət” adlı əsərdə faydalı məqamların çox olduğunu vurğulayıb.
Bununla yanaşı, Fazil Mustafa cəmiyyətlərin alimlərə münasibətinin bəzən yetərli səviyyədə olmadığını deyib. Onun sözlərinə görə, Türkiyədə də, Azərbaycanda da alimlər çox vaxt müğənnilər, futbolçular və ya başqa populyar şəxslər qədər diqqət görmürlər.
Deputat bildirib ki, buna baxmayaraq, İlber Ortaylı geniş kütlələrdə öz şəxsiyyəti ilə alimə hörmət və maraq yarada bilib: “Cəmiyyət onun elmi irsini tam tanımasa belə, məşhur bir aliminə sahib olduğunu anladı və ona sayğı göstərdi”.
Fazil Mustafa qeyd edib ki, bəzən çox böyük alimlər belə bu cür populyarlıq qazana bilmirlər. O, misal olaraq Oktay Sinanoğlu və Əziz Sancar kimi alimlərin adını çəkib.
Deputat həmçinin Azərbaycanda da alimlərin lazımi diqqət görmədiyini vurğulayıb. Onun sözlərinə görə, son illərdə dünyasını dəyişən tarixçi Aydın Balayev, filosoflar Rəhman Bədəlov və Niyazi Mehdi kimi ziyalıların dəfn mərasimləri cəmiyyət tərəfindən demək olar ki, diqqətdən kənarda qalıb.
Fazil Mustafa əlavə edib ki, cəmiyyətin alimləri tanıması və onların sözünə qulaq asması son dərəcə vacibdir: “Bəzən insanlar alimlərin dediklərini tam anlamasa belə, onlara güvən duymağı və dəyər verməyi bacarmalıdır”.
Deputat sonda bildirib ki, alimlərin və ziyalıların cəmiyyətin düşüncəsini bilik və elmə yönəltməsi böyük missiyadır. Onun sözlərinə görə, bu baxımdan Əziz Nesin, Cəlal Şengör, Əziz Sancar, Ahmet Arslan, Oktay Sinanoğlu və Yaşar Nuri Öztürk kimi şəxsiyyətlərə ideoloji baxışlarından asılı olmayaraq hörmətlə yanaşmaq lazımdır.
Vural









