media-fazil-mustafa

Milli Məclisin deputatı Azərbaycanın dövlətçiliyinin, dünyəvi idarəçilik prinsiplərinin və milli-mənəvi dəyərlərinin qorunmasının vacibliyini vurğulayıb.

ERAmedia xəbər verir ki, Fazil Mustafa bildirib ki, Azərbaycan dövlətinə bağlı olan, onun bayrağını sevən və dövlətin varlığını uca tutan hər bir vətəndaş bu gün ölkənin kənardan idarə olunan informasiya hücumları ilə üz-üzə qaldığını görməlidir. Deputatın sözlərinə görə, belə bir şəraitdə dövləti və onun dəyərlərini müdafiə etmək hər kəsin borcudur.

O qeyd edib ki, müxtəlif xarici dini və ideoloji təsirlər ictimai düşüncəyə nüfuz etməyə çalışır və bəzi insanlar şəxsi maraqlarını üstün tutaraq dövlət maraqlarının müdafiəsində passiv mövqe sərgiləyirlər. Deputat vurğulayıb ki, özü bu məsələdə susmayacaq və dövlətin varlığını, millətin gələcəyini qorumağı əsas missiyalarından biri hesab edir.

Fazil Mustafanın fikrincə, Azərbaycanın hüdudlarında keçirilən bütün elmi konfranslarda, beynəlxalq tədbirlərdə və idman yarışlarında dövlət himni səslənməli, üçrəngli bayrağa hörmət göstərilməli, ölkənin azadlığı uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilməlidir. O, həmçinin İslam dininin müqəddəs kitabına və onun sülh mesajlarına hörmətlə yanaşılmasının, milli musiqimizin isə qürur mənbəyi kimi təqdim edilməsinin vacibliyini qeyd edib.

Deputat bildirib ki, hər bir insan öz dini etiqadını, məzhəbini, yaxud dünyagörüşünü şəxsi həyatında sərbəst yaşaya bilər. Onun sözlərinə görə, problem bu baxışların ictimai-siyasi mühitə ideologiya kimi daxil edilməsində və dünyəvi dövlət prinsiplərinə zidd təsir göstərməsindədir. O hesab edir ki, məhz dünyəvi dövlət modeli insanların dini etiqadlarını daha sərbəst və səmimi yaşamalarına imkan yaradır.

Fazil Mustafa vurğulayıb ki, dini-teokratik düşüncənin güclənməsi Azərbaycanın Cümhuriyyət ideallarına təhlükə yarada və ölkəni regiondakı geridə qalmış cəmiyyətlərin vəziyyətinə sala bilər. Onun fikrincə, bu tendensiyanın qarşısı vaxtında alınmasa, gələcəkdə daha ciddi problemlər yarana bilər.

Deputat çıxışında XIX əsrin maarifçiləri Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani və Həsən bəy Zərdabinin fəaliyyətini xatırladaraq bildirib ki, onların ideyaları zamanında geniş qəbul edilməsə də, sonradan Azərbaycan dövlətçiliyinin formalaşmasına mühüm töhfə verib. O qeyd edib ki, bu gün də dövlətçilik və Cümhuriyyət ideallarını qorumaq üçün eyni məsuliyyət və prinsipial mövqe nümayiş etdirilməlidir.

Sonda Fazil Mustafa vurğulayıb ki, dövlət əleyhinə fəaliyyət göstərən qüvvələrin fəallaşdığı bir dövrdə bu təhlükələr barədə danışmağa və cəmiyyətin diqqətini məsələyə yönəltməyə davam edəcək.

 


media-adspc

Bənzər xəbərlər