Deputat: “Ermənistanda ikinci Qarabağ savaşından düzgün nəticə çıxarmayıblar”
Milli Məclisin deputatı Sahib Alıyev Azərbaycanda akkreditə olunmuş diplomatik korpus təmsilçilərinin Qarabağ və Şərqi Zəngəzura 22-ci səfərinə Ermənistanda verilən reaksiyaları şərh edib.
ERAmedia xəbər verir ki, Sahib Alıyev bu reaksiyaların həm düşündürücü, həm də xəbərdarlıqedici olduğunu bildirib.
Deputat qeyd edib ki, Azərbaycanın sülh təklifi, normal qonşuluq münasibətləri və əməkdaşlıq qurmaq istəyi keçmişdə yaşananları unutmaq və ya bağışlamaq anlamına gəlmir.
“Görəsən, bunlar doğrudanmı Azərbaycanın sülh təklifini, normal qonşuluq əlaqəsi qurmaq istəyini etdikləri vəhşilikləri, mərdiməzarlıqları, alçaqcasına davranışlarını, törətdikləri soyqırımları, dinc soydaşlarımızın – qızlarımızın, gəlinlərimizin, uşaq və ahıllarımızın başlarına gətirdiklərini unutmağa çalışmağımız, yaxud da onları bağışlamağımız kimi qiymətləndirirlər?!” – deyə Sahib Alıyev bildirib.
Onun sözlərinə görə, Azərbaycan rəhbərliyinin keçmişdə baş verənləri unutmayacağı barədə dəfələrlə səsləndirdiyi bəyanat yalnız hakimiyyətin mövqeyi kimi qəbul edilməməlidir.
“Əgər Ermənistanda bu deyilənlə bizim dinc yanaşı yaşamaq və əməkdaşlıq etmək istəyimiz arasında bir ziddiyyət görürlərsə, yumşaq desək, maarifləndirilməlidirlər. Özləri dərk etmirlərsə, başa salmalıyıq ki, bütün bu addımlar yenə də hansısa gücün əlində alət olmamaları üçün atılır”, – deputat vurğulayıb.
Sahib Alıyev Ermənistanın daxili siyasi proseslərinə də toxunaraq qeyd edib ki, iyunun 7-də keçirilən parlament seçkilərində təzyiqlərə rəğmən 29 mandat qazanaraq ikinci yerə çıxan bloka rəhbərlik edən Samvel Karapetyanın Ermənistanın “yiyəsiz yaşaya bilməyəcəyi” barədə fikirləri diqqətçəkəndir.
Deputatın fikrincə, belə yanaşma yalnız ayrı-ayrı şəxslərin milli ləyaqət anlayışına münasibəti kimi qiymətləndirilməməlidir.
“Onu bildiyimizdən, haqq etməsələr də, biz Ermənistanın bir az da olsa müstəqil dövlətə çevrilməsi üçün gərəkən dəstəyi verməli, hətta bəzən onların özlərindən daha çox buna çalışmalıyıq. Sadəcə kimliklərini və etdiklərini unutmamaq şərti ilə!” – deyə o bildirib.
Sahib Alıyev əlavə edib ki, keçmişdə baş verənlərin unudulması və törədilmiş əməllərin bağışlanması yolverilməzdir.
“Əgər unudacağıqsa və törətdikləri vəhşilikləri bağışlayacağıqsa, onda indiyədək başımıza gətirdiklərindən daha betərinə haqq edirik!” – deputat deyib.
O, xarici diplomatların Şuşada rəqs etməsinə, Ağdərə və Kəlbəcərdə alban monastırlarına səfər etməsinə Ermənistanda verilən reaksiyaların da diqqətçəkən olduğunu bildirib.
“Xəbərdarlıqedici məqam isə ondan ibarətdir ki, Ermənistanda hakimiyyətli-müxalifətli heç kim, o sıradan da kilsə və toplum, ikinci Qarabağ savaşından və sonra baş verənlərdən hələ düzgün nəticə çıxarmayıb”, – Sahib Alıyev vurğulayıb.
Deputatın sözlərinə görə, Ermənistanda düzgün nəticə çıxarılsaydı, tərəflər arasında böyük itkilərə səbəb olmuş münaqişədə oynanılan rol, Azərbaycan ərazilərinin uzun müddət işğal altında saxlanılması, yaşayış məntəqələrinin dağıdılması və digər hadisələrlə bağlı məsuliyyət qəbul edilməli idi.
“Onlar düzgün nəticə çıxarmış olsa idilər, hər iki tərəfdən böyük itkilərə yol açan konfliktin təşəbbüsçüsü kimi çıxış etdiklərinə, torpaqlarımızı 30 il işğal altında saxladıqlarına, 900-ə yaxın yaşayış məskəninin üstünü altına çevirdiklərinə, törətdikləri soyqırımına, digər vəhşiliklərə görə bizdən üzr istəməli idilər. Həm dövlət, həm də toplum olaraq. Bu isə yoxdur. Əvəzində alban abidələrinin olduğu kimi təqdiminə qəzəbli reaksiya var”, – deyə deputat qeyd edib.
Sahib Alıyev hesab edir ki, Ermənistanda sülh və “Real Ermənistan” anlayışlarından danışan siyasi qüvvələrin mövqeləri ilə Qarabağ və tarixi abidələrlə bağlı reaksiyalar arasında ciddi ziddiyyət müşahidə olunur.
O bildirib ki, Gəncəsər və Xudavəng monastırlarının mənsubiyyəti ilə bağlı mübahisələr də bu kontekstdə nəzərdən keçirilməlidir.
“Demək ki, son bir neçə ildə üzləşdikləri itki və rüsvayçılıq onlar üçün dərs olmayıb, revanşizm haqqında düşünürlər. Və o düşünənlərin niyyətləri yenidən Azərbaycan torpaqlarını ələ keçirməkdirsə, ‘qulaqlarının dibini görərlər’ yazmayacağam. Çünki heç qulaqlarının dibini də görməyəcəklər!” – Sahib Alıyev bildirib.
Vural










