Deputat: Müasir şəhərsalma iqtisadi inkişafın əsas mühərriklərindən biridir
Azərbaycanda keçirilən Ümumdünya Şəhərsalma Forumunun (WUF) 13-cü Sessiyası beynəlxalq diqqət mərkəzinə çevrilib.
ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Tahir Mirkişili forumun təkcə şəhərsalma və urbanizasiya məsələlərinin müzakirəsi baxımından deyil, həm də Azərbaycanın qlobal nüfuzunun nümayişi baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.
Deputat qeyd edib ki, dünyanın müxtəlif ölkələrindən minlərlə qonağın qatıldığı forum müasir şəhərsalmanın iqtisadi inkişafla birbaşa əlaqəsini ön plana çıxarır. Onun sözlərinə görə, WUF sadəcə memarlıq və şəhər planlaması tədbiri deyil, şəhərsalmanın iqtisadi inkişafın mühərrikinə çevrilməsi ideyasını təşviq edən qlobal platformadır.
“Tahir Mirkişili bildirib ki, müasir dünyada iqtisadi güc artıq daha çox şəhərlərin keyfiyyəti, logistika imkanları, rəqəmsal infrastrukturu və insan kapitalının cəmləşməsi ilə ölçülür. Bu gün dünya ÜDM-nin böyük hissəsi şəhərlərdə formalaşır və inkişaf etmiş infrastruktura malik şəhərlər investisiya cəlb edir, innovasiya ekosistemi yaradır, xidmət sektorunun genişlənməsinə və yüksək maaşlı iş yerlərinin formalaşmasına şərait yaradır”, – deyə deputat vurğulayıb.
Deputatın sözlərinə görə, şəhərlərdə nəqliyyat, metro, liman, rəqəmsal şəbəkə, enerji və kommunal sistemlərin güclü olması biznes xərclərini azaldır, logistikanı sürətləndirir və məhsuldarlığı artırır. O qeyd edib ki, dünyada geniş yayılan “15 dəqiqəlik şəhər” modeli insanların işə, xidmətlərə və ticarətə daha sürətli çıxışını təmin etməklə iqtisadi səmərəliliyi yüksəldir.
Tahir Mirkişili əlavə edib ki, şəhərsalma daşınmaz əmlak və tikinti iqtisadiyyatının inkişafında da mühüm rol oynayır. Onun fikrincə, yeni yaşayış kompleksləri, biznes mərkəzləri, parklar və ticarət zonaları tikinti sektorunu aktivləşdirir, minlərlə iş yeri yaradır, bank və maliyyə sektorunu canlandırır, şəhərlərin torpaq və əmlak dəyərini artırır.
Deputat həmçinin vurğulayıb ki, plansız urbanizasiya nəqliyyat sıxlığı, sosial bərabərsizlik, yaşayış böhranı və ekoloji problemlər yaradır. Bu səbəbdən WUF-un əsas yanaşmasının “sadəcə böyüyən şəhər” deyil, “dayanıqlı və inklüziv şəhər” modelinə əsaslandığını diqqətə çatdırıb.
“Tahir Mirkişili qeyd edib ki, Azərbaycan üçün şəhərsalma-iqtisadiyyat əlaqəsi xüsusilə vacibdir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yeni şəhərsalma konsepsiyası, Bakı və Sumqayıtda yeni urbanizasiya layihələri, Orta Dəhliz ətrafında logistika şəhərlərinin inkişafı, yaşıl enerji zonalarının formalaşdırılması və rəqəmsal dövlət xidmətlərinin şəhər idarəçiliyinə inteqrasiyası ölkənin gələcək iqtisadi modelinin mühüm hissəsinə çevrilir”, – deyə açıqlamada bildirilib.
Deputatın fikrincə, WUF platforması Azərbaycan üçün investisiya cəlbi, şəhər iqtisadiyyatı, beynəlxalq urban texnologiyalarına çıxış və davamlı inkişaf modellərinin öyrənilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Vüsalə









