Deputat: Övlad sayı pensiya hüquqlarına təsir etməlidir
Azərbaycanda doğum səviyyəsinin azalması, əhalinin yaşlanması və pensiya yaşının 65-ə çatdırılması fonunda pensiya sisteminin gələcək dayanıqlılığı ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Bu kontekstdə çoxuşaqlı ailələrə pensiya sistemində əlavə güzəştlərin verilməsi, övlad sayının pensiya hüquqlarına təsiri və “çoxuşaqlı ailə” anlayışına yenidən baxılması ilə bağlı müxtəlif təkliflər səsləndirilir.
ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Əli Məsimli məsələ ilə bağlı Modern.az-a danışıb.
Deputat bildirib ki, beynəlxalq təcrübə göstərir ki, bir sıra ölkələrdə pensiya sistemi yalnız yaş, əmək stajı və pensiya kapitalı üzərində qurulmur, ailənin cəmiyyətə verdiyi töhfə də nəzərə alınır.
Onun sözlərinə görə, demoqrafik qocalma ilə üzləşən Avropa ölkələrində çoxuşaqlı valideynlərin pensiya təminatının gücləndirilməsi üçün müxtəlif mexanizmlər tətbiq edilir.
Əli Məsimli qeyd edib ki, Almaniyada hər uşaq üçün ananın pensiya hesabına dövlət tərəfindən 3 illik şərti sığorta haqqı ödənilir, Fransada analara hər uşağa görə əlavə iş stajı verilir və 3 və daha çox uşaq böyüdən valideynlərin pensiyasına 10 faiz əlavə edilir. Polşada ən azı 4 uşaq böyüdən analara minimum zəmanətli pensiya verilir, Macarıstanda isə 4 və daha çox uşağı olan qadınlar gəlir vergisindən azad edilir və pensiya zamanı xüsusi imtiyazlardan yararlanırlar.
Deputat Türkiyə modelinə də toxunaraq bildirib ki, burada analar doğumdan sonra işləmədikləri dövrləri sığorta stajına daxil etdirə, bunun hesabına pensiyaya daha tez çıxa bilirlər. Rusiya və Belarusda isə uşaq sayından asılı olaraq qadınların pensiya yaşı mərhələli şəkildə azaldılır.
Əli Məsimli xatırladıb ki, Azərbaycanda artıq qadın və kişilər üçün pensiya yaşı 65 yaşdır. Yaşa görə pensiya almaq üçün ya fərdi hesabda minimum 46 min 80 manat pensiya kapitalı toplanmalı, ya da ən azı 25 illik sığorta stajı olmalıdır.
Deputat hesab edir ki, ölkədə orta ömür uzunluğu və sağlam ömür göstəriciləri nəzərə alındıqda, 65 yaş pensiya yaşı kifayət qədər yüksəkdir.
“Pensiyaçıların yarıya qədəri, regionlarda yaşayan pensiyaçıların isə böyük hissəsi minimum və ya median pensiya alır. Ona görə də pensiya yaşının azaldılması və pensiya məbləğinin artırılması sosial baxımdan aktual məsələlərdəndir”.
Əli Məsimlinin sözlərinə görə, hökumət maliyyə dayanıqlığını əsas gətirərək pensiya yaşının ümumi şəkildə azaldılmasını məqsədəuyğun hesab etmir. Buna baxmayaraq, mövcud qanunvericilikdə 5 və daha çox uşaq doğub onları 8 yaşınadək böyüdən anaların pensiya yaşı 5 il azaldılır.

Deputat bildirib ki, məhz bu yanaşmaya yenidən baxılmalıdır.
“Biz həm Milli Məclisdə, həm də mediada dəfələrlə təklif etmişik ki, çoxuşaqlı ailə anlayışı 5 uşaqdan 3 uşağa endirilsin. Bu, həm üç və daha çox uşağı olan ailələr üçün sosial güzəştlərin dairəsini genişləndirər, həm də həmin anaların 60 yaşında pensiyaya çıxmasına imkan verər. Üç uşaqlı anaların pensiya yaşının azaldılması bir sıra ölkələrin modelinə uyğundur və sosial ədalətin qısa müddətdə bərpası üçün ən effektiv yollardan biridir”.
Deputat hesab edir ki, Azərbaycanda doğum səviyyəsinin sürətlə azalması bu məsələni daha da aktuallaşdırır.
Onun sözlərinə görə, ölkədə 2015-ci ildə 166 min, 2020-ci ildə 125 min, 2024-cü ildə 102 min, 2025-ci ildə isə təxminən 96 min uşaq doğulub. Beləliklə, yeni doğulan uşaqların sayı son 10 ildə kəskin azalıb.
Əli Məsimli bildirib ki, hazırda Azərbaycanda ailələrin böyük əksəriyyəti bir və ya iki uşaqlıdır, 5 və daha çox uşağı olan ailələr isə ümumi ailələrin cəmi 3 faizini təşkil edir. Bu səbəbdən “çoxuşaqlı ailə” anlayışının əvvəlki meyarlara əsaslanması artıq reallığı əks etdirmir.
Deputatın fikrincə, ölkənin demoqrafik inkişafı baxımından 3 uşaqlı ailə modeli daha real və məqsədəuyğundur.
“Çoxuşaqlı ailə dedikdə bu anlayış 5 və daha çox uşağı olan ailələrə yox, 3 və daha çox uşağı olan ailələrə şamil edilməlidir. Pensiya yaşının azaldılması da hər uşaq üçün 1 il olmaqla 3 uşaqlı ailələrdən başlamalıdır”.
Əli Məsimli bildirib ki, belə yanaşma həm çoxuşaqlı ailələr üçün müavinət mexanizmini daha əlçatan edər, həm də ölkədə doğum səviyyəsinin yüksəlməsinə stimul verə bilər.
Deputat hesab edir ki, valideynlik fəaliyyəti gələcək nəsillərin formalaşdırılması baxımından sosial töhfə kimi qiymətləndirilməli, buna görə də çoxuşaqlı ailələrə pensiya sistemində əlavə üstünlüklərin verilməsi artıq obyektiv zərurətə çevrilib.
Sonda Əli Məsimli vurğulayıb ki, bunun üçün yalnız pensiya güzəştləri kifayət deyil:
“Demoqrafik siyasət, sosial müavinətlər, pensiya güzəştləri, uşaqların sağlam böyüməsi və müasir tələblərə uyğun inkişafını özündə birləşdirən, hüquqi, təşkilati və maliyyə təminatı olan, ən əsası isə işlək icra mexanizminə malik kompleks dövlət proqramının hazırlanmasını vacib hesab edirik”.










