media-market-tasarim-ve-uygulamalari-4

Azərbaycan Prezidenti kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə aqrar sektorun inkişafı ilə bağlı strateji hədəfləri açıqlayıb və “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nı təsdiqləyib.

ERAmedia xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, proqramda konkret və ölçüləbilən hədəflərin müəyyənləşdirilməsi qarşıdakı beş ildə Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı aydın strateji yanaşmanı ortaya qoyur.

Deputatın sözlərinə görə, Dövlət Proqramına əsasən kənd təsərrüfatı, balıqçılıq və emal məhsullarının ixracının həcminin 2030-cu ilədək dörd dəfə artırılaraq 6 milyard dollara çatdırılması nəzərdə tutulur. Bu isə Azərbaycanın qeyri-neft-qaz ixracında növbəti illərdə ciddi artım potensialının formalaşdığını göstərir. Eyni zamanda kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində yaradılan ümumi daxili məhsul üzrə artımın da təxminən 2 faiz səviyyəsində hədəfləndiyi qeyd olunur.

Vüqar Bayramov vurğulayıb ki, alt-hədəf indikatorlarında konkret məhsul növləri üzrə istehsal artımı nəzərdə tutulub. Belə ki, 2030-cu ilədək mal əti istehsalının ən azı 20 faiz, qoyun əti istehsalının 9 faiz, quş əti istehsalının isə 30 faiz artırılması planlaşdırılır. Deputatın fikrincə, bu hədəflərə nail olunması ət idxalının azalmasına, daxili bazarda təklifin artmasına və nəticədə qiymətlərin optimallaşmasına, bəzi məhsullar üzrə isə ucuzlaşmaya səbəb ola bilər.

Deputat bildirib ki, istixana komplekslərinin sahəsinin 1500 hektardan 2000 hektara çatdırılması da bazara birbaşa təsir göstərəcək. Onun sözlərinə görə, bu addım tərəvəz və digər kənd təsərrüfatı məhsullarının mövsümdən sonrakı dövrdə saxlanmasını genişləndirəcək və qiymət artımlarının qarşısının alınmasına əlavə imkan yaradacaq.

Vüqar Bayramov əlavə edib ki, Azərbaycan üçün strateji məhsul hesab olunan buğda istehsalının 20 faiz artırılması ilə bağlı hədəf də xüsusi əhəmiyyət daşıyır. Deputat qeyd edib ki, bu, çörək və un məhsullarının qiymətinin optimallaşmasına, eyni zamanda idxal inflyasiyasının minimumlaşdırılmasına müsbət təsir göstərə bilər. Onun sözlərinə görə, Prezidentin müşavirədə də vurğuladığı kimi, aqrar sahədə idxalın azaldılması əsas prioritetlərdən biri olaraq qalır.

Deputat hesab edir ki, aqrar sahənin dayanıqlı və rəqabətqabiliyyətli inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, daxili istehsal potensialının artırılması, məhsuldarlığın və əlavə dəyərin yüksəldilməsi, ixracyönümlülüyün genişləndirilməsi, eləcə də innovasiya və rəqəmsallaşmanın təşviqini nəzərdə tutan Dövlət Proqramının icrası yaxın illərdə Azərbaycanda kənd təsərrüfatı məhsullarının qiymətlərinin daha sabit və əlçatan olmasına mühüm töhfə verəcək.

Vüsalə


media-adspc

Bənzər xəbərlər