media-ada_xezer

Oktyabrın 9-da Türkmənbaşı şəhərində keçirilən Xəzər Ekoloji Sammitində Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi və bunun doğurduğu ekoloji təhlükələr diqqət mərkəzində olub.

ERAmedia-nın məlumatına görə, Milli Məclisin deputatı Sahib Alıyev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev problemin əsas səbəblərindən biri kimi çay axınının azalmasını və təsərrüfat fəaliyyəti ilə bağlı antropogen amilləri göstərməklə mühüm məqama diqqət çəkib.

Deputatın sözlərinə görə, Xəzərin dayazlaşmasına təsir göstərən amillər sırasında Xəzəryanı dövlətlərin fəaliyyəti, xüsusilə də Rusiyanın Volqa və Ural çayları üzərində həyata keçirdiyi su təsərrüfatı layihələri mühüm yer tutur.

Sahib Alıyev qeyd edib ki, Rusiya Xəzər dənizindən ən çox faydalanan ölkələrdən biri olduğuna görə onun qorunub saxlanılmasında da maraqlı olmalıdır. Bununla belə, Transxəzər qaz və neft kəmərlərinin çəkilməsi məsələsi gündəmə gələndə ekoloji təhlükələrlə bağlı narahatlıq ifadə edən dairələr dənizə vurulan digər zərərlərə eyni həssaslıqla yanaşmırlar.

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev Xəzərin səviyyəsinin aşağı düşməsinin səbəbləri barədə əvvəllər də danışıb. Onun fikrincə, burada əsas diqqət dənizin su balansının təxminən 80 faizini təmin edən Volqa çayına, bu çay üzərində inşa edilmiş nəhəng bəndlərə, su anbarları kaskadlarına və geniş suvarma sistemlərinə yönəlməlidir.

Sahib Alıyev bildirib ki, həmin qurğular Xəzərə daxil olan suyun həcminin azalmasına səbəb olmaqla yanaşı, anadrom balıq növlərinin dənizdən çayın yuxarı axarlarına doğru təbii miqrasiya və kürüləmə yollarını da məhdudlaşdırır.

Onun sözlərinə görə, ekoloji tarazlığın pozulması Xəzərdəki digər canlıların da mövcudluğunu təhlükə altına alıb. Son illər sahillərdə çoxsaylı suitilərin cəsədlərinin aşkarlanması dənizdəki ekoloji vəziyyətin ciddiliyini göstərən narahatedici faktlardan biridir.

Deputat Rusiya Prezidenti Vladimir Putinin Xəzərin dayazlaşması nəticəsində ölkəsinin sahil xəttində 20 min kvadratkilometr ərazinin quruduğu və dibdərinləşdirmə işlərinə böyük vəsait ayrıldığı barədə açıqlamasına da münasibət bildirib. Sahib Alıyev hesab edir ki, problemin yalnız iqlim dəyişmələri ilə əlaqələndirilməsi məsələyə tam aydınlıq gətirmir və digər mühüm səbəblər də nəzərə alınmalıdır.

Sahib Alıyev diqqəti Xəzəri qidalandıran ikinci mühüm çay olan Uralın vəziyyətinə də yönəldib. O bildirib ki, Rusiyanın Orenburq vilayətində inşa etdiyi İriklinski su anbarı və digər iri bəndlər çayın Xəzərə axıtdığı suyun həcminin azalmasına təsir göstərib.

Deputatın təqdim etdiyi rəqəmlərə görə, Ural çayının dənizə illik orta su axını 9,4 kubkilometrdən 4,9 kubkilometrə düşüb. Bu isə su axınının təxminən yarıbayarı azalması deməkdir.

Sahib Alıyev qeyd edib ki, qazaxların Jayık adlandırdıqları Ural çayında suyun azalması Qazaxıstana ciddi ekoloji və iqtisadi zərər vurur. Bununla yanaşı, Maqnitoqorsk və Orenburq kimi iri sənaye mərkəzlərinin çayı çirkləndirməsi də vəziyyəti ağırlaşdırır.

Deputatın fikrincə, yaranmış vəziyyət Qazaxıstanın əhalisi və iqtisadiyyatı üçün ciddi fəsadlar doğurur. İçməli su çatışmazlığı, balıqların məhv olması, otlaqların quruması və səhralaşma bu problemlərin əsas nəticələrindəndir. Uralın Xəzərə töküldüyü delta hissəsində suyun azalması çay yatağının lillənməsinə və gəmiçilik imkanlarının məhdudlaşmasına da gətirib çıxarıb.

Sahib Alıyev bildirib ki, Türkmənbaşıda keçirilən sammitdə səsləndirilən mövqelər Azərbaycan, Qazaxıstan və Türkmənistanın Xəzərin ekoloji problemlərinin səbəbləri ilə bağlı ortaq yanaşmaya malik olduğunu göstərir.

Deputatın sözlərinə görə, toplantıda beştərəfli Dövlətlərarası Komissiyanın yaradılması barədə razılığın əldə olunması problemin həlli istiqamətində mühüm addımdır. Komissiyanın ilk rəsmi iclasının gələn il Bakıda keçirilməsi nəzərdə tutulur.

O hesab edir ki, Azərbaycanın müxtəlif beynəlxalq platformalarda Xəzərin dayazlaşması məsələsini ardıcıl şəkildə gündəmə gətirməsi və prinsipial mövqe nümayiş etdirməsi Bakının bu prosesdə mühüm rolunu şərtləndirir.

Sahib Alıyev ümid etdiyini bildirib ki, Bakıda qəbul ediləcək qərarlar Xəzərin üzləşdiyi ekoloji təhlükələrin aradan qaldırılmasına töhfə verəcək.

Deputat Rusiyanın 2030-cu ilə qədər Xəzərin öyrənilməsi üzrə kompleks proqram hazırlaması məsələsinə də toxunub. O vurğulayıb ki, Prezident Vladimir Putinin də qeyd etdiyi kimi, dənizin səviyyəsi hər il 9 santimetr aşağı düşürsə, problemin həlli üçün təxirəsalınmaz və konkret tədbirlər görülməlidir.

Sahib Alıyevin fikrincə, Xəzərin dayazlaşması bu templə davam edərsə, yaranacaq ekoloji və iqtisadi zərər Rusiyanın Volqa və Ural çayları üzərindəki su təsərrüfatı qurğularından əldə etdiyi faydanı belə üstələyə bilər.

Vural


media-adspc

Bənzər xəbərlər